2016-02-26
Batumidə gürcü gənclərin Xocalı faciəsi ilə bağlı kompozisiyası nümayiş etdirilib

Azərbaycanın Batumidəki baş konsulluğu Batumi Musiqi Mərkəzində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirib.

Tədbirin keçirildiyi mərkəzin foyesində Xocalı soyqırımından bəhs edən kitab və fotolardan, eləcə də “Xocalı faciəsi uşaqların gözü ilə“ rəsm əsərlərindən ibarət sərgi açılıb.

Əvvəlcə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən baş konsul Rəşad İsmayılov bildirib ki, Xocalı faciəsi Azərbaycan xalqına və insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Fevralın 26-sı təkcə Azərbaycan üçün deyil, insanlıq üçün də kədərli gündür. İyirmi dörd il əvvəl Xocalıda ermənilərin vəhşicəsinə qətlə yetirdikləri dinc insanların xatirəsini anmaq hamımızın borcudur. Bizim məqsədimiz odur ki, dünya ictimaiyyəti bu vəhşilikləri törədən erməniləri daha yaxşı tanısın.

Bildirilib ki, ermənilərin Xocalıda və işğal olunmuş digər torpaqlarımızda törətdikləri cinayətlər konkret faktlarla sübuta yetirilib. Ermənistan hakimiyyəti və siyasətçiləri bu qırğınlara, Xocalı soyqırımına görə Azərbaycan xalqından üzr istəməlidir.

Tarix elmləri doktoru, professor Quram Marxuliya çıxışında deyib ki, ermənilər Gürcüstan ərazisində də misli görünməmiş cinayətlər törədiblər. Gürcüstanın işğal olunmuş ərazilərində erməni silahlılarından yaradılmış Baqramyan taboru gürcülərə qarşı qatı cinayətlər törədib. Azərbaycan və Gürcüstan torpaqlarında cinayətlər, soyqırımı və terror aktları törədən ermənilər öz layiqli cəzalarını almalıdırlar.

Sonra Batumidəki Azərbaycan İcmasının sədri Vidadi Axundov Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşüb.

Sonda gürcü gənclərin Xocalı soyqırımı ilə bağlı hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

növbəti xəbər əvvəlki xəbər