2012-05-28
Azərbaycanın Konsulluğu Batumidə Respublika Günü münasibətilə mərasim keçirilib

Azərbaycanın Batumi şəhərindəki Baş Konsulluğu tərəfindən "Şeraton" mehmanxanasında Azərbaycan Demokratik Respublikasının yaranmasının 94-cü ildönümü münasibətilə təntənəli mərasim keçirilib.

Tədbirdə Acarıstan Muxtar Respublikasının sədri Levan Varşalomidze, Acarıstan Muxtar Respublikasının Ali Sovetinin Sədri Mixeil Maxaradze, Batumi şəhərinin meri Robert Çxaidze, Poti şəhərinin meri Vaxtanq Lemodjava, Sameqrelo-Zemo Svaneti, Quriya, İmereti, Raça-Leçxumi və Kvemo Svaneti vilayətlərinin nümayəndələri, Gürcüstan və Acarıstan MR-nin Ali Sovetinin deputatları, bələdiyyə rəhbərləri, hökumət aparatının, meriyanın və nazirliklərin məhsul işçiləri, Batumidə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, Batumi Dövlət Universitetinin müəllim və tələbə heyəti, Kulevi terminalının və "SOCAR" şirkətinin nümayəndələri, Acarıstan MR-də fəaliyyət göstərən icmaların rəhbərləri, Acarıstanın ziyalıları və konsulluq dairəsində yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Mərasim Acarıstan simfonik orkestrinin kvartetinin ifasında Azərbaycanın və Gürcüstanın Dövlət Himnlərinin səslənməsi ilə başlanıb.

Mərasimin açılış nitqində Baş Konsul Hüseyn Nəcəfov 28 may 1918-ci ildə qəbul olunmuş "Müstəqillik Bəyannaməsi" ilə müsəlman şərqində ilk dəfə dünyəvi Demokratik Respublikanın qurulduğunu qeyd edib. Azərbaycan Demokratik Respublikasının özünəməxsus parlamenti, hökuməti, ordusu, pul vahidi və digər dövlət rəmzləri mövcud olub. Respublikada, dövlət quruluşu və iqtisadiyyat, ordunun qurulması və mədəniyyət, təhsil və səhiyyə kimi istiqamatlərdə fəal iş aparılırdı. ADR-in Azərbaycanın milli dövlətçilik ənənələrinin bərpasında müstəsna rolu olub.

H.Nəcəfov çıxışında bildirib ki, 1920-ci ilin aprel ayının işğalına qədər Respublikanın müstəqilliyi 26 dövlət tərəfindən tanınmış, həmin ölkələrin 19-u ilə diplomatik münasibətlər qurulub. Diqqətə layiqdir ki, Batumi şəhərində də ADR-ın Diplomatik Nümayəndəliyi açılıb. Məhz 4 iyun 1918-ci ildə Batumidə Demokratik Respublika və Osmanlı İmperiyası arasında "Sülh və Dostluq" sazişi imzalanıb. Bu ADR-in ilk sazişi idi və bu sazişə əsasən Azərbaycan Demokratik Respublikası Osmanlı İmperiyası tərəfindən ilk olaraq tanınıb.

Azərbaycan 18 oktyabr 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa edib. Ötən 21 il ərzində Respublikamız və dövlətçiliyimiz ağır sınaqlardan keçib.

1988-ci ildən Azərbaycan xalqı, Respublikamız, Ermənistan işğalının qarşıdurması şəraitində yaşayır. Uzun illərin münaqişəsinin mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın Dağlıq Qarabağ regionunda yaşayan erməni əhalisinin öz müqəddaratını təyin etmək bəhanəsi ilə, Azərbaycanın 20% torpaqları işğal edilib.

Baş Konsul qeyd edib ki, 1993-cü ilin may-iyun aylarında yaranmış ciddi hökumət böhranı nəticəsində Azərbaycanda həm vətəndaş müharibəsi, həm də müstəqilliyin itirilməsi təhlükəsi yarandığı bir vaxtda xalqımız mövcud hökumətin dəyişdirilməsini tələb edib və öz taleyini yenidən görkəmli dövlət xadimi Heydər Əliyevə etibar edib.

Azərbaycanın Ermənistan ilə müharibə vəziyyətində olmasına baxmayaraq, ölkəyə müdrik rəhbərlik nəticəsində Azərbaycan iqtisadi, siyasi və diplomatik sahələrdə böyük uğurlar əldə edib. Bu uğurlar uzun illərdən bəri birmənalı olaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin bərpa olunub qorunmasında, beynəlxalq arenada mövqeyinin möhkəmləndirilməsində və aparılan iqtisadi və siyasi islahatların uğurla həyata keçirilməsində son dərəcə mühüm rolu olmuşdur.

Təməli Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən zəruri iqtisadi islahatların həyata keçirilməsi nəticəsində Azərbaycan bu gün dünyada sürətlə inkişaf edən ölkələrdən biri olmuşdur.

H.Nəcəfov iqtisadi nailiyyətlərlə bərabər Azərbaycan Respublikasının dünya ictimaiyyətinin daim diqqətində olan digər sahələrdə olan uğurlarını da mərasim iştirakçılarının diqqətinə çatdırıb və bu ilin may ayında 57-ci "Avroviziya" mahnı müsabiqəsinin Bakı şəhərində yüksək səviyyədə keçirildiyini qeyd edib.

Baş Konsul Azərbaycan və Gürcüstan bir-birinə yaxın, dost və tərəfdaş ölkələr olduğunu və münasibətlərin zəngin tarixlərə əsaslandığını söyləyib. Əsrlər boyu Azərbaycan-Gürcüstan xalqları dostluq və qardaşlıq mühütində yaşayıb, bir-birinə yardım edib və daim bir yerdə olublar. Bu tarixi yaddaş bu gün üçün də böyük əhəmiyyət kəsb edir.

Azərbaycan və Gürcüstanın müxtəlif sahələrindəki əməkdaşlıq tədbirdə səsləndirilib və misal olaraq qeyd edilib ki, Azərbaycan və Gürcüstanın futbol federasiyaları "Avro-2020"-ni keçirmək üçün namizədliklərini irəli sürdükləri barədə UEFA-ya rəsmi müraciət ediblər.

Baş Konsul Hüseyn Nəcəfov qeyd edib ki, bu gün biz sürətlə inkişaf edən iki müstəqil ölkələrik, Azərbaycan və Gürcüstan bütün sahələrdə çox fəal əməkdaşlıq edir. Bizim əsas məqsədimiz, mövcud olan ənənəvi dostluq-qardaşlıq münasibətlərini inkişaf etdirmək, onları yeni məzmunlarla zənginləşdirmək və bununla da Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq imkanlarından maksimum səmərəli istifadə etməkdən ibarətdir.

Tədbirdə iştirak edən Acarıstan Muxtar Respublikasının Sədri Levan Varşalomidze çıxış edərək, Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin gündən-günə möhkəmlənməsini, iki ölkənin müxtəlif sahələrdə əməkdaşlığının genişləndiyini, tarixə əsaslanan dostluq münasibətlərinin inkişafınının vacibliyini söyləyib. L.Varşalomidze, hələ 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının Acarıstanda nümayəndəliyinin olduğunu və uzun fasilədən sonra artıq iki ilə yaxın Azərbaycan Respublikasının Baş Konsulluğu Batumi şəhərində fəaliyyət göstəridiyini qeyd edib. Bununla yanaşı, Acarıstan Muxtar Respublikasının rəhbəri çıxışını davam edərək, Naxçıvan Muxtar Respublikası ilə muxtariyyət səviyyəsində və onların paytaxtları - Naxçıvan və Batumi ilə yaxınlaşmanı, bu iki ölkə arasında dostluğun sübut olduğunu, digər dövlətlər üçün nümunə göstərdiyini bildirib. Öz çıxışının sonunda Acarıstan Muxtar Respublika hökumətinin rəhbəri azərbaycan xalqını bayram münasibətilə təbrik edib və qardaş xalqa uğurlu arzulayıb.

Mərasim əsnasında Azərbaycan Fotoqrafları Birliyi tərəfindən hazırlanmış "Doğma Azərbaycanım" mövzusunda slayd-şou nümayiş etdirilmişdir. Acarıstan Simfonik orkestrinin ifasında azərbaycan və gürcü bəstəkarlarının, həmçinin dünya klassiklərinin əsərləri səsləndirilib.

Batumidə keçirilmiş tədbir və Baş Konsulun müsabiqəsi "İmedi TV", "TV-25" və "Ajara TV" telekanallarında nümayiş olunub.

növbəti xəbər əvvəlki xəbər