2011-01-26
Batumi şəhərində Azərbaycan bayrağı qaldırıldı

Azərbaycanın Gürcüstanın Batumi şəhərindəki Baş Konsulluğunun binasında təmir işlərinin başa çatması ilə əlaqədar binanın üzərində dövlət bayrağımızın ucaldılması mərasimi keçirilib.

Mərasimdə Acarıstan Muxtar Respublikasının sədri Levan Varşalamidze, maliyyə və iqtisadiyyat naziri Vaja Bolkvadze, Batumi şəhərinin meri Robert Çxaidze, habelə “SOCAR” tərəfindən yeni inşa edilmiş yanacaq doldurma məntəqəsinin təməlatma mərasimi ilə əlaqədar Batumi şəhərində qısamüddətli səfərdə olan Milli Məclisin üzvü, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, rəhbərlik etdiyi nümayəndə heyəti və yerli mətbuat təmsilçiləri iştirak ediblər.

Baş Konsul Hüseyn Nəcəfov qonaqlara binada aparılmış təmir işləri barədə məlumat verib, konsulluğun tələblərinə uyğun bəzi yenidənqurma işlərinin həyata keçirildiyini diqqətə çatdırıb.

Gürcüstanın Batumi şəhərindəki Azərbaycan Baş Konsulluğunun binası üzərində dövlət bayrağımızın dalğalanmasının qürurverici fakt olduğu və xalqlarımız arasında mövcud olan dostluq münasibətlərində yeni bir uğurlu səhifənin açıldığı rəsmilər tərəfindən vurğulanıb.

 

növbəti xəbər əvvəlki xəbər