2011-05-28
Batumidə 28 may - Respublika Günü qeyd olundu

Batumi şəhərində 28 may - Respublika Günü münasibətilə təntənəli mərasim keçirilmişdir.

Mərasimdə əsas qonaq qismində Acarıstan Muxtar Respublikası Ali Sovetinin Sədri Mixeil Maxaradze iştirak etmişdir.

Mərasimdə habelə, Batumi şəhərinin meri Robert Çxaidze, Zuqdidi şəhərinin meri Aleksandr Kobaliya, Poti şəhərinin meri Vaxtanq Lemonjava, Maliyyə və İqtisadiyyat naziri Vaja Bolkvadze, Təhsil, Mədəniyyət və İdman Naziri Qiya Abuladze, Batumi şəhər Şurasının deputatları, Acarıstan Muxtar Respublikası Hökuməti aparatının məsul əməkdaşları, Batumidə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, Acarıstan ziyalıları, Acarıstan ictimayyətinin nümayəndələri, Poti limanı Kulevi terminalının rəhbəri Kərim Quliyev və əməkdaşları, Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin əməkdaşları, Batumidə və Qərbi Gürcüstanda yaşayan soydaşlarımız və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak etmişdirlər.

Mərasim Acarıstan simfonik orkestrinin kvarteti ifasında iki ölkənin Dövlət Himnlərinin səslənməsi ilə başlamışdır.

Mərasimin açılış nitqində Baş Konsul Hüseyn Nəcəfov 28 may 1918-ci ildə qəbul olunmuş "Müstəqillik Deklarasiyası" ilə müsəlman şərqində ilk dəfə dünyavi demokratik Respublikanın qurulduğunu qeyd edərək, Azərbaycan Demokratik Respublikasının özünəməxsus parlameti, höküməti, ordusu, pul vahidi və digər dövlət rəmzləri mövcud olduğunu vurğulamışdır.

ADR-in mili dövlətçilik ənənələrinin bərpasında müstəsna rolunun olduğu barədə məlunat verilmiş, Respublikamızın öz müstəqilliyini 1991-ci ilin 18 oktyabr tarixində bərpa etdiyini bildirmişdir.

Ötən 20 il ərzində Respublikamız və dövlətçiliyimiz ağır sınaqlardan keçdiyini və 1988-ci ildən Azərbaycan xalqı, Respublikamız, Ermənistan işğalının qarşıdurması şəraitində yaşadığını bildirmişdir. Uzun illərdir ki baş verən münagişənin əsas mahiyyəti, Azərbaycanın Dağlıq Qarabağ regionunda erməni əhalisinin öz müqəddarratını təyin etmək bəhanəsilə, Azərbaycanın 20% torpaqlarını işğal edilmişdir.

Baş Konsul, 1993-cü ilin may-iyun aylarında yaranmış ciddi hökümət böhranı nəticəsində ölkədə vətəndaş müharibəsi, müstəqilliyin itirilməsi təhlükəsi yarandığını və Azərbaycan xalqı ən ağır günlərinə şahid olaraq, mövcud hökümətin dəyişdirilməsini tələb edərək, öz taleyini yenidən görkəmli dövlət xadimi Heydər Əliyevə etibar etdiyini xüsusilə vurğulamışdır.

Azərbaycanının Ermənistan ilə müharibə vəziyyətində olduğuna baxmayaraq, müdrik hakimiyyət nəticəsində Azərbaycan iqtisadi, siyasi və diplomatik istiqamətlərində böyük uğurlar əldə edir. Bu uğurlar uzun illərdir ki, birmənalı olaraq Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin adı ilə bağlı olduğu qeyd olunmuşdur.

Natiq bildirmişdir ki, təməli Heydər Əliyev tərəfindən qoyulan zəruri iqtisadi islahatlar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir və Azərbaycan bu gün dünyada sürətlə inkişaf edən ölkə durumuna gəlmişdir.

Eyni zamanda Nəcəfov nitqində, Azərbaycan və Gürcüstanın bir birinə yaxın, dost və tərəfdaş ölkələr olduğunu. münasibətlərimizin zəngin tarixlərimizə dayandığını, əsrlər boyu xalqlarımızın dostluq və qardaşlıq mühitində yaşadığını qeyd edərək, bu tarixi yaddaşın bu gün üçün də böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır.

Tədbirdə əsas qonaq qismində iştirak edən Acarıstan Muxtar Respublikası Ali Sovetinin Sədri Mixeil Maxaradze çıxış edərək, Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin gündən-günə möhkəmlənməsini, iki ölkənin müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsini, tarixə əsaslanan dostluq münasibətlərinin inkişafınının vacibliyini xüsusilə vurğulayaraq, bayram münasibətilə Azərbaycan xalqını təbrik etmişdir.

Mərasimdə dahi sənətkarımız Müslüm Maqomayevin ölməz "Azərbaycan" əsəri səsləndirilmişdir.

Mərasim əsnasında Azərbaycan Respubkikası Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış "Azərbaycan" sənədli filmi, "Bakı - gözəl şəhər" videoklipi və "Döğma Azərbaycanım" mövzusunda foto-slaydlar nümayiş etdirilmişdir.

Mərasim ziyafət və klassik musiqi proqramı ilə davam etmişdir.

Mərasim və Baş Konsulun müsahibəsi Gürcüstanın "İmedi", Acaristanın "Acariya TV" və "TV-25" kanalları tərəfindən işıqlandırılmışdır.


növbəti xəbər əvvəlki xəbər