2016-03-11
Batumidə Novruz bayramı qeyd olundu
Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulluğunun təşkilatcılığı ilə mart ayının ayının 15-də Azərbaycan, rus və gürcü şagirdlərinin təhsil aldığı Batumi şəhər “21-ci əsr” gimnaziyasında Novruz bayramına həsr edilmiş tədbir keçirilib. 
 
Qaynar.info xəbər verir ki, tədbirdə “21-ci əsr” gimnaziyasının müəllim kollektivi, Acarıstan Muxtar Respublikasının ictimai və siyasi dairələrin nümayəndələri, M.F.Axundov adına Gürcüstan-Azərbaycan xeyriyyə cəmiyyətinin sədri Vidadi Axundov, KİV nümayəndələri iştirak edib.
 
Tədbir başlamazdan əvvəl Azərbaycanın dövlət himni səsələndirilib. Baş konsul Rəşad İsmayılov giriş sözü ilə çıxış edərək keçirilən tədbirin mahiyyətindən danışıb. Bildirilib ki, qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının ən qədim dövrlərdən daşıyıb gətirdiyi mənəvi dəyərlər sistemində Novruz bayramının özünəməxsus yeri var. Bu bayram insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaradıb.
 
Tədbirdə şagirdlər Novruzla bağlı müxtəlif səhnəciklər göstərib, mahnılar, rəqslər ifa edib və bahara, Novruz bayramına həsr olunan şeirlər söyləyiblər. Milli geyimdə olan istedadlı azəri və gürcü şagirdləri tərəfindən Azərbaycan tarixi haqqında qonaqlara məlumat verilib. Tədbirdə milli geyimdə olan Bahar qızının qədim, qəlbimizin bir parçası olan Şuşamızın və Qarabağımızın “Sari Gəlin “rəqsi ilə xatırlanması qonaqlar tərəfindən xüsusi maraqla qarşılanıb.
 
Tədbir Azərbaycan milli yeməklərindən ibarət ziyafətlə yekunlaşıb.
növbəti xəbər əvvəlki xəbər