2015-05-28
Batumi şəhərində 28 may - Respublika Günü qeyd olundu

Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərindəki Baş Konsulluğu tərəfindən cari ilin 28 may tarixində Respublika Gününə həsr olunmuş  təntənəli mərasim keçirildi.

Tədbirdə Acarıstan Muxtar Respublikasının Ali Sovetinin Sədri Avtandil Beridze, Batumi şəhərinin meri Qiorqi Ermakov, Sameqrelo - Zemo-Svaneti regionunun Mestia şəhərinin meri Kapiton Jorjoliani,  Raça-Leçxumu və Kvemo Svaneti regionunun Ambrolauri şəhərinin meri Rati Namqaladze, Oni şəhərinin icra başçısı Qiorqi Lobdjanidze və regionun digər rəsmi nümayəndələri, Acarıstan Muxtar Respublikasının Təhsil, Mədəniyyət və İdman naziri Qiya Tavamaishvili, Batumi Dövlət Universitetinin rektoru Merab Xalvaşi və universitetin  professor, müəllim və tələbə heyəti, Batumidə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, Acarıstan Muxtar Respublikasının hökumət aparatının və nazirliklərinin, Batumi meriyasının məsul işçiləri, Kulevi terminalının və “SOCAR-Georgia” şirkətinin rəhbərləri və əməkdaşları, muxtar respublikanın ziyalıları və Azərbaycan icmasının üzvləri iştirak etdilər.

Tədbir Azərbaycanın və Gürcüstanın dövlət himnlərinin səslənməsi ilə başlandı.

Mərasimi açan Baş Konsul Hüseyn Nəcəfov müasir Azərbaycan Respublikasının 1918-ci ildən 1920-ci ilədək mövcud olmuş Azərbaycan Demokratik Respublikasının (ADR) hüquqi varisi olduğunu, məhz həmin dövrdə Azərbaycan xalqının müstəqilliyinin, azadlığının, suverenliyinin bərpa olunduğunu  bildirdi. Qeyd olundu ki, 97 il əvvəl, 1918-ci il mayın 28-də Tiflisdə müsəlman Şərqində ilk demokratik respublikanın yaradılmasını bəyan edən Müstəqillik Bəyannaməsi qəbul edilmişdir. Baş Konsul qeyd etdi ki, ADR Avropanın əksər ölkələrini qabaqlayaraq, ilk dəfə müsəlman Şərqində qadınlara seçkilərdə iştirak etmək hüququ vermişdir. Mövcud olduğu cəmi 23 ay ərzində ADR-də olduqca böyük işlər görülmüşdür. 1920-ci ilin aprel ayında baş vermiş işğala qədər ADR-in müstəqilliyi dünyanın 26 dövləti tərəfindən tanınmış, onlardan 19-u ilə diplomatik münasibətlər qurulmuşdur. H.Nəcəfov 1988-ci ildən etibarən Azərbaycanın Ermənistan tərəfindən təcavüzə məruz qaldığını, Ermənistanın Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağda xeyli sonradan məskunlaşan ermənilərin öz müqəddəratını təyinetmə hüququnu reallaşdırmaq bəhanəsi ilə Azərbaycan ərazilərinin 20 faizini işğal etdiyini söylədi. Azərbaycan Respublikasının Ermənistan ilə müharibə vəziyyətində olmasına və ölkədə bir milyon qaçqın və məcburi köçkün olmasına baxmayaraq, ölkəmizin iqtisadi, siyasi və diplomatik sahələrdə kifayət qədər əhəmiyyətli uğurlara nail olduğu və bu uğurların xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bilavasitə bağlılığı Baş Konsul tərəfindən qeyd edildi. Bildirildi ki, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatlar Ulu Öndərin uzaqgörən siyasətinin məntiqi davamıdır. Baş Konsul Azərbaycanın və Gürcüstanın tərəfdaş ölkələr olduqlarını, əsrlər boyu dostluq və qardaşlıq münasibətlərində yaşadıqlarını vurğuladı. Çıxışının sonunda Baş Konsul son dövrdə iqtisadiyyat, mədəniyyət və idman sahələrində Azərbaycanın Respublikasının əldə etdiyi uğurlar haqqında tədbir iştirakçılarına geniş məlumat verdi. Baş Konsul tədbir iştirakçılarına cari ilin 12-28 iyun tarixlərində Azərbaycanda keçiriləcək ilk "Bakı 2015 Avropa Oyunları" barədə də ətraflı məlumat verdi.

Acarıstan Muxtar Respublikası Ali Sovetinin sədri Avtandil Beridze Respublika Günü münasibətilə Azərbaycan xalqını səmimi qəlbdən təbrik etdi. O, böyük məmnuniyyətlə bu bayramı Azərbaycan xalqı ilə bölüşdüyünü qeyd edərək, Gürcüstan və Azərbaycan arasında mövcud olan strateji əməkdaşlığın tarixi dostluq və qonşuluq əlaqələri əsasında qurulduğunu ifadə etdi. Ali Sovetin sədri Acarıstan və Naxçıvan Muxtar Respublikaları arasında müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərini xüsusilə qeyd etdi. O, öz çıxışında Azərbaycanın regionun güclü və zəngin dövləti olduğunu vurğulayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nümunəvi dövlət başçısı olduğunu bildirdi. A.Beridze bir daha Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib, nitqini ölkəmizə sülh, firavanlıq və rifah arzulayaraq yekunlaşdırdı.

Tədbirdə Azərbaycan Olimpiya Komitəsi tərəfindən hazırlanmış “Bakı-2015 İlk Avropa Oyunları” videoçarxı nümayiş etdirildi.

Batumidə keçirilmiş tədbir və Baş Konsulun müsahibəsi “Ajara TV” telekanalında nümayiş olundu.

 

növbəti xəbər əvvəlki xəbər