2014-07-30
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Acarıstan Muxtar Respublikasında işgüzar səfərdə olmuşdur

İyulun 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Gürcüstanın Acarıstan Hökuməti Sədrinin dəvəti ilə Batumiyə gəlmişdir.
Batumi Beynəlxalq Hava Limanında Ali Məclisin Sədrini Acarıstan Muxtar Respublikası Hökumətinin Sədri Arçil Xabadze, Azərbaycanın Acarıstan Muxtar Respublikasındakı Baş konsulu Hüseyn Nəcəfov və digər rəsmi şəxslər qarşılamışlar.

 

Acarıstan Muxtar Respublikası Hökumətinin Sədri ilə görüş

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Acarıstan Muxtar Respublikası Hökumətinin Sədri Arçil Xabadzenin görüşü olmuşdur.
Acarıstan Muxtar Respublikası Hökumətinin Sədri Arçil Xabadze hökumət binasının önündə Ali Məclisin Sədrini qarşılamışdır.
Arçil Xabadze dəvətini qəbul edib Acarıstan Muxtar Respublikasına səfər etdiyinə görə Ali Məclisin Sədrinə təşəkkürünü bildirmiş, ölkələrimiz, eləcə də hər iki muxtar respublika arasındakı əlaqələrin inkişafının əhəmiyyətini diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, hazırda Acarıstan Muxtar Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasındakı əlaqələr bir çox istiqamət üzrə uğurla inkişaf edir. Təhsil, səhiyyə, nəqliyyat-ticarət və digər sahələrdəki səmərəli əməkdaşlıq mühüm əhəmiyyətə malikdir.
Qarşılıqlı səfərlərin uğurlu nəticələr verdiyini vurğulayan Arçil Xabadze gələcəkdə əlaqələrin müxtəlif istiqamətlər üzrə inkişafı üçün potensialın olduğunu bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ali Məclisi və hökuməti adından Acarıstan Muxtar Respublikasının əhalisinə, bütün gürcü xalqına ən xoş arzularını çatdıraraq demişdir: “Əsası 2012-ci ildə qoyulmuş əlaqələrimizin hazırkı səviyyəsi bizdə məmnunluq doğurur. 2012-ci ilin yanvar və iyun aylarında hər iki tərəfdən rəsmi nümayəndə heyətlərinin qarşılıqlı səfərləri olmuş, “Azərbaycan Respublikasının Naxçıvan və Gürcüstanın Batumi şəhərləri arasında Qardaşlıq və Əməkdaşlığa dair Memorandum” imzalanmışdır. Naxçıvan Muxtar Respublikası ilə Acarıstan Muxtar Respublikası arasında əlaqələr hər iki tərəfin səyləri ilə ilbəil genişlənir. Hazırda ticarət-iqtisadi, səhiyyə və təhsil sahəsində əlaqələrimiz əməkdaşlığımızın böyük potensiala malik olduğunu göstərir. İnkişaf edən əlaqələrin nəticəsi olaraq, muxtar respublikanın sahibkarlıq subyektləri Acarıstan Muxtar Respublikasının iqtisadiyyatına birbaşa investisiya qoyuluşunda iştirak edirlər”.
Ali Məclisin Sədri demişdir: “Elm və təhsil müəssisələrimiz arasındakı əlaqələr də böyük potensiala malikdir. Batumi Dövlət Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında imzalanmış memoranduma əsasən, qarşılıqlı tələbə və elmi informasiya mübadiləsi həyata keçirilir. Bizim əlaqələrimiz qardaşlıq əlaqəsidir. Bizim əlaqələrimiz hər iki tərəfin insanlarını daha da yaxınlaşdırmaq və onlara xidmət əlaqəsidir”.
Ali Məclisin Sədri əlaqələrin daha da inkişaf etdirilməsində göstərdiyi səylərə və dəvətə görə Acarıstan Hökumətinin sədrinə təşəkkür etmiş, bundan sonra da Naxçıvan Muxtar Respublikası tərəfindən Azərbaycan-Gürcüstan əlaqələrinin tərkib hissəsi kimi qardaşlıq və qarşılıqlı tərəfdaşlıq əlaqələrinin davam və inkişaf etdirilməsində səylərin artırılacağını bildirmişdir.
Görüşdə mədəniyyət, turizm, idman və təhsil sahəsində əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanmış, əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılmış, qarşılıqlı faydalı əməkdaşlığın perspektivi nəzərdən keçirilmişdir.
Azərbaycanın Batumidəki Baş konsulu Hüseyn Nəcəfov, Acarıstan Muxtar Respublikasının iqtisadiyyat və maliyyə naziri Davit Baladze, təhsil, mədəniyyət və idman naziri George Tavamaişvili, kənd təsərrüfatı naziri Zaur Phutkaradze, səhiyyə, əmək və sosial müdafiə naziri Nugzar Surmanidze görüşdə iştirak etmişlər.
Görüş başa çatdıqdan sonra qarşılıqlı hədiyyələr təqdim olunmuş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Acarıstan Muxtar Respublikası Hökumətinin Sədri Arçil Xabadze jurnalistlərə müsahibə vermişlər.

*   *   *

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Batumi şəhərinin dənizkənarı parkında olmuş, şəhərin mövcud infrastrukturu ilə maraqlanmışdır.
Günün sonunda Ali Məclis Sədrinin şərəfinə rəsmi ziyafət verilmişdir.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Acarıstan Muxtar Respublikası Ali Sovetində olmuşdur

İyulun 29-da – səfərin ikinci günü Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Acarıstan Ali Sovetinin Sədri Avtandil Beridze ilə görüşmüşdür.
Avtandil Beridze nümayəndə heyətini səmimiyyətlə salamlamış, ötən il Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində muxtar respublikaya səfərini və Ali Məclisin Sədri ilə keçirilən görüşü xatırlamış, qədim tarixə malik olan Naxçıvanın onda xoş təəssürat yaratdığını bildirmişdir. Ali Sovetin Sədri ikitərəfli əlaqələrin inkişafının hər iki tərəfin səyləri ilə uğurla davam etdirildiyini bildirmiş, dostluq və qarşılıqlı əməkdaşlıq səviyyəsində inkişaf edən münasibətlərin bundan sonra daha da genişlənəcəyinə əminliyini ifadə etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasında əlaqələrin dinamik inkişafa malik olduğunu, əməkdaşlığın hazırkı səviyyəyə çatmasında parlamentlərarası münasibətlərin də mühüm rol oynadığını bildirmişdir. Qeyd olunmuşdur ki, 2012-ci il yanvarın 27-29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi ilə nümayəndə heyəti Acarıstan Muxtar Respublikasında səfərdə olmuş, Acarıstan Parlamentində görüşlər keçirilmişdir. Bu görüşlər əməkdaşlığın daha da genişlənməsi üçün mühüm əhəmiyyət daşımışdır.

 

Ali Məclisin Sədri xarici iqtisadi əlaqələrdə qardaş Gürcüstanın Acarıstan Muxtar Respublikası ilə qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra davam etdiriləcəyini bildirmiş, hər iki tərəfdən qardaşlıq münasibətlərinin dərinləşməsində əməyi olanlara təşəkkür etmişdir.
Görüşdən sonra Ali Məclisin Sədri Acarıstan Parlamentinin iclas zalı ilə tanış olmuş, xatirə şəkli çəkdirilmiş, yerli televiziya əməkdaşlarına müsahibə verilmişdir.

*   *   *

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Acarıstan Muxtar Respublikasının görməli yerlərindən olan Botanika bağında olmuş, burada mühafizə olunan bitki növləri ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, Botanika bağı Batumi şəhərinin 9 kilometr şimalında, Qara dənizin sahilində yerləşir. 111 hektar ərazisi olan Botanika bağı 1880-ci ildə qurulmağa başlanmış və 1912-ci ildə başa çatdırılmışdır. Burada Qafqaz regionuna xas olan bitki növləri ilə yanaşı, Şərqi Asiya, Yeni Zelandiya, Cənubi Amerika, Meksika, Avstraliya və Himalaydan gətirilmiş 2000-dən artıq bitki növü də mühafizə olunur. Dünyanın müxtəlif ölkələrindən gələn qonaqlar tərəfindən maraqla qarşılanan Botanika bağı alim və tədqiqatçılar üçün də əlverişli məkandır.

Təhsil sahəsindəki əlaqələr uğurla inkişaf edir
Batumi Dövlət Universitetində görüş

İyulun 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şota Rustaveli adına Batumi Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələri ilə görüşmüşdür.
Mərasimi Batumi Dövlət Universitetinin prorektoru İrakli Baramidze açmış, universitetin fəxri doktoru – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ilə keçirilən görüşdən məmnunluğunu ifadə etmişdir. İrakli Baramidze Batumi Dövlət Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında qurulan səmərəli elmi əməkdaşlığın, aparılan qarşılıqlı tələbə və elmi informasiya mübadiləsinin əhəmiyyətini vurğulamış, ali təhsil ocaqları arasındakı əlaqələrin bundan sonra da davam etdirilməsinin vacibliyini bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Batumi Dövlət Universitetinin professor-müəllim və tələbə kollektivini salamlayaraq demişdir: “Azərbaycan və Gürcüstan sıx əməkdaşlığa malikdir. Bu əməkdaşlığın ruhuna uyğun olaraq, hər iki ölkənin muxtar qurumları arasında, Acarıstan Muxtar Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında da qardaşlıq və əməkdaşlıq əlaqələri genişlənməkdədir. Biz əlaqələrimizin genişlənməsində ziyalıların, elm və təhsil işçilərinin əməkdaşlığına mühüm əhəmiyyət veririk”.
Qeyd olunmuşdur ki, Batumi Dövlət Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında bağlanmış müqaviləyə uyğun olaraq, hər iki ali təhsil müəssisəsi 2012-ci ildən sıx əməkdaşlıq edirlər. Universitetlərarası tələbə və müəllim mübadiləsi həyata keçirilir. Hər iki tərəfin elm və təhsil müəssisələrində keçirilən beynəlxalq elmi konfranslarda gürcü və azərbaycanlı alimlərin iştirak və çıxış etmələri humanitar sahədə əlaqələri daha da genişləndirmişdir. Batumi Dövlət Universitetində yaradılmış “Acarıstan-Naxçıvan Muxtar Respublikası” dostluq auditoriyası dərinləşən dostluğumuzun və təhsil əlaqələrimizin gözəl nümunəsidir.
Ali Məclisin Sədri Şota Rustaveli adına Batumi Dövlət Universitetinin fəxri doktoru adını daşımağın onun üçün fəxr olduğunu bildirmiş, Azərbaycan-Gürcüstan təhsil və elmi əlaqələrinin inkişafına göstərdikləri səylərə görə universitetin professor-müəllim heyətinə təşəkkür etmişdir.
Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh Məhərrəmov, Azərbaycanın Acarıstan Muxtar Respublikasındakı Baş konsulu Hüseyn Nəcəfov və Acarıstan Muxtar Respublikası Parlamentinin Sədri Avtandil Beridze çıxış edərək universitetlər arasındakı əlaqələrin hazırkı səviyyəsi və gələcək perspektivlərindən bəhs etmişlər.
Batumi Dövlət Universitetinin müəllimləri və bu universitetin mübadilə əsasında Naxçıvan Dövlət Universitetində təhsil alan tələbələri ali təhsil ocaqları arasında əməkdaşlığın qurulmasına və inkişafına göstərdiyi diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq etmişlər.
Sonra Ali Məclisin Sədri Batumi Dövlət Universitetinin müəllim və tələbələrinə kompüter dəstləri hədiyyə etmiş, onlarla xatirə şəkli çəkdirmişdir.
Görüşdən sonra yerli kütləvi informasiya vasitələrinə müsahibə verən Ali Məclisin Sədri Naxçıvan və Acarıstan muxtar respublikaları arasındakı münasibətlərin, xüsusilə təhsil sahəsindəki əlaqələrin məmnunluq doğurduğunu bildirmiş, bu əməkdaşlığın gələcək perspektivləri barədə verilən sualları cavablandırmışdır.

*   *   *

İyulun 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Acarıstan Muxtar Respublikasına səfəri başa çatmışdır.
Ali Məclisin Sədrini Batumi Beynəlxalq Hava Limanında Acarıstan Muxtar Respublikası Hökumətinin Sədri Arçil Xabadze, Acarıstan Ali Sovetinin Sədri Avtandil Beridze, Azərbaycanın Batumidəki Baş konsulu Hüseyn Nəcəfov və digər rəsmi şəxslər yola salmışlar.

növbəti xəbər əvvəlki xəbər