2016-05-04
“Gəncə-2016-cı il Avropa Gənclər Paytaxtı” layihəsinin açılış mərasimi keçirilib

Mayın 4-də Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzində “Gəncə-2016-cı il Avropa Gənclər Paytaxtı” layihəsinin açılış mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, mərkəzi icra orqanlarının rəhbərləri, Avropa Gənclər Forumunun nümayəndələri, Avropa Gənclər Paytaxtları Şəbəkəsinin üzvləri, həmçinin bir sıra nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri və digər qonaqlar iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.

Mərasim iştirakçılarını salamlayan şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqları Avropanın Gənclər Paytaxtında, Azərbaycanın qədim və zəngin mədəniyyətə malik ən gözəl şəhərlərindən biri olan Gəncədə görməkdən məmnun olduğunu bildirdi və tədbiri açıq elan etdi.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Prezident İlham Əliyevin “Gəncə-2016-cı il Avropa Gənclər Paytaxtı” layihəsinin açılış mərasiminin iştirakçılarına ünvanlanmış məktubunu oxudu.

Sonra Əli Həsənov çıxış edərək Azərbaycanın gənclər siyasətində qazandığı uğurlardan və topladığı təcrübədən danışdı. Qeyd etdi ki, müstəqillik illərində Azərbaycanda gənclər siyasətinin uğurlu modeli formalaşıb. Azərbaycan Prezidenti tərəfindən gənclərlə bağlı Dövlət proqramları, o cümlədən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” təsdiqlənib. Azərbaycandakı gənclər təşkilatları beynəlxalq gənclər platformaları ilə sıx əməkdaşlıq edir. Azərbaycan Avropanın nadir ölkələrindəndir ki, burada Gənclər və İdman Nazirliyi ilə yanaşı, Gənclər Fondu da fəaliyyət göstərir. Dövlət tərəfindən həm gənclər təşkilatlarına, həm də fərdlərin layihələrinə dəstək verilir. Fond fəaliyyət göstərdiyi 4 il ərzində 3226 layihəni maliyyələşdirib. Azərbaycan Prezidenti İlham Əliyevin “Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzaladığını diqqətə çatdıran Əli Həsənov şəhərdə il ərzində maraqlı layihələr həyata keçiriləcəyini bildirdi, Azərbaycanın növbəti dəfə beynəlxalq tədbirə ən yüksək səviyyədə ev sahibliyi etməyə qadir olduğunu göstərəcəyinə əminliyini ifadə etdi.

Gənclər və idman naziri Azad Rəhimov isə Gəncənin Avropanın Gənclər Paytaxtı seçilməsinin şəhər və gənclər üçün əhəmiyyətini vurğuladı.

Avropa Gənclər Forumunun idarə heyətinin üzvü Lora Lübonova, Avropa Gənclər Paytaxtları Şəbəkəsinin icraçı direktoru Andras Farkas çıxışlarında Avropanın Gənclər paytaxtı seçilməsinin Gəncəyə köhnə qitə ilə əlaqələri inkişaf etdirmək üçün daha böyük şans verəcəyinə diqqət çəkiblər. Bu, gənclər üçün də əlavə imkanlar yaradır. Bir il ərzində onlar avropalı həmyaşıdları ilə də sıx əlaqə yarada biləcəklər.

Türkiyənin Əskişəhər valisi Əzim Tunar Güngör isə çıxışında Gəncənin bu titula yiyələnməsinin ortaq mədəniyyət və işbirliyi baxımından əhəmiyyətini diqqətə çatdırdı.

Xatırladaq ki, açılış mərasiminə İrlandiya, İtaliya, Portuqaliya, Macarıstan, Polşa, Rumıniya, Sloveniya, Yunanıstan, Bolqarıstan və digər ölkələrdən nümayəndələr dəvət olunublar.

Proqrama Gəncə şəhərindəki Gənclər Evinin və “Gəncə - Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin ofisinin açılışı, müxtəlif sərgilərin təşkili, Avropa Paytaxtları Şəbəkəsinin görüşü, “Qadınlar zirvədə” layihəsinin təqdimatı və digər tədbirlər də daxildir.

“Avropa Gənclər Paytaxtı” layihəsi ilk dəfə 2009-cu ildə Avropa Gənclər Forumu tərəfindən irəli sürülüb. Layihənin məqsədi yerli və xarici gənclər təşkilatlarının beynəlxalq əməkdaşlığının inkişaf etdirilməsi, Avropa gənclər paytaxtları seçilmiş şəhərlərin aid olduğu ölkələrin gənclər təşkilatları milli şuraları arasında təcrübə mübadiləsinin aparılmasıdır. Avropanın ilk gənclər paytaxtı 2009-cu ildə Niderlandın Rotterdam şəhəri seçilib. Daha sonra Turin (İtaliya), Antverpen (Belçika), Braqa (Portuqaliya), Maribor (Sloveniya), Saloniki (Yunanıstan), Kluj Napoca (Rumıniya) Avropa gənclər paytaxtları olub. Gəncə bu estafeti qəbul edən 8-ci şəhərdir. Onun 2016-cı ildə “Avropa Gənclər Paytaxtı” seçilməsi barədə qərar 2013-cü il aprelin 10-da Yunanıstanın Saloniki şəhərində elan edilib.

növbəti xəbər əvvəlki xəbər