2016-07-01
Gəncə şəhəri ilə Kutaisi şəhəri arasında əməkdaşlıq memorandumu imzalanıb

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun rəhbərlik etdiyi nümayəndə heyəti hər iki tərəf arasındakı sıx əlaqələr və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi məqsədi ilə Gürcüstanın Kutaisi şəhərinın meri Şota Murquliyanın dəvəti ilə 2016-cı ilin 30 iyun tarixində Kutaisi şəhərinə səfər edib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısının rəhbərlik etdiyi nümayəndə heyətinə Milli Məclisin deputatı Naqif Həmzəyev, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin rəhbəri Fuad Əliyev və Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov daxil olub. 

Kutaisidə şəhər meri Şota Murquliani və İmereti regionunun qubernatoru Givi Çiçinadze ilə görüşdə yüksələn xətlə inkişaf edən Azərbaycan-Gürcüstan münasibətlərinin şəhərlər arasında əməkdaşlıq üçün yaxşı zəmin yaratdığına diqqət çəkilib.

Şota Murquliani, Gəncə şəhəri ilə Kutaisi şəhəri arasında 1996-ci ildə əsası qoyulmuş mehriban dostluq və əməkdaşlıq əlaqələrinin bu gün uğurla davam etdirildiyini bildirib, bu əlaqələrin davamı olaraq dəvəti qəbul edib Kutaisi şəhərinə  səfərə gəldiyinə görə Gəncə şəhər İcra Hakimiyyətinin başçısına təşəkkür edib.  

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev  dəvətə görə Kutaisi şəhərinın meri Şota Murquliyaya və İmereti regionunun qubernatoru Givi Çiçinadzeyə ən xoş arzularını çatdıraraq demişdir: Azərbaycan— Gürcüstan əlaqələrinin tərkib hissəsi kimi qardaşlıq və qarşılıqlı tərəfdaşlıq əlaqələrinin davam və inkişaf etdirilməsində səylərin daha da artırılması önəmli məsələlərdən biridir. Gəncə şəhəri ilə Kutaisi şəhəri arasında əlaqələrin bütün sahələr üzrə genişləndirilməsi üçün yaxşı əsaslar vardır. Bütün bunlar əlaqələrimizin daha da dərinləşməsinə imkan verəcəkdir. Azərbaycanın xarici ticarət-iqtisadi əlaqələrinə toxunan Elmar Vəliyev bildirib ki, son illər ölkəmizdə qeyri-neft sektorunun davamlı inkişafı ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində bu sahədə rəqabət qabiliyyətli məhsulların istehsalı xeyli dərəcədə artmış və bu kimi məsələlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  hər zaman xüsusi diqqət mərkəzindədir .

Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, Azərbaycanın Batumidəki Baş konsulu Rəşad İsmayılov, Gürcüstanın Gəncədəki baş konsulu Mamuka Balavadzenin də qatıldığı görüşün yekunu olaraq əməkdaşlıq memorandumu imzalanıb. Ev sahiblərinə Gəncədən gətirilən xatirə hədiyyələri təqdim olunub. Nizami yurdundan olan nümayəndələr Kutaisinin turizm və tarixi yerləri ilə də tanış olmaq imkanı əldə edib. Gəncə üçün əhəmiyyətli olan Kelati monastrı ziyarət edilib.

 

növbəti xəbər əvvəlki xəbər