2017-02-22
Acaristan Muxtar Respublikasinin nüfuzlu “Adjara P.S.”qəzetində Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı xüsusi buraxılış dərc edilmışdir. Xüsusi buraxılışda Baş konsul Rəşad İsmayılovun Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı məqaləsi dərc olunub.

Məqalədə erməni silahlı qüvvələrinin sovet ordusunun 366-cı motoatıcı alayının silahlı texnikasının köməyi ilə Xocalıda törətdikləri qanlı qırğın nəticəsində 613 dinc sakinin qətlə yetirilməsi, 487 nəfərin yaralanması, 1275 şəxs əsir götürülməsi, 150 nəfərin itkin düşməsi qeyd olunub. Xocalı şəhərinə təşkil olunmuş silahlı hücum zamanı erməni silahlı qüvvələrinin mülki əhaliyə qarşı törətdiyi əməllərin Cenevrə Konvensiyasının və BMT Baş Assambleyası tərəfindən 1948-ci il 10 dekabr tarixində qəbul edilmiş "İnsan Hüquqları haqqında Ümumi Bəyannamə"ni və BMT Baş Assambleyası tərəfindən 1974-cü il 14 dekabr tarixində elan olunmuş "Qadın və uşaqların fövqəladə hallarda, silahlı münaqişələr dövründə müdafiəsi haqqında Bəyannamə"ni kobud şəkildə pozduğu vurğulanıb.

Məqalədə Xocalı soyqırımının əsl mahiyyətinin açıqlanmasında və dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin rolu xüsusi qeyd edilib. Məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1994-cü il 1 mart tarixində Xocalı soyqırımı haqqında xüsusi sərəncam və 1997-ci il 25 fevral tarixində Xocalı soyqırımı qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi barədə razılıq imzalaması vurğulanıb. Yazıda Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Milli Məclisinin 1994-cü il 24 fevral tarixli qərarına əsasən 26 fevralın "Xocalı soyqırımı günü" elan olunduğu diqqətə çatdırılıb.

növbəti xəbər əvvəlki xəbər