2017-10-31
31 oktyabr 2017-ci il tarixində Azərbaycanın Batumi şəhərindəki Baş konsulluğunda Batumi şəhərinin müxtəlif ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib.

Baş konsul Rəşad İsmayılov  tələbələrə konsulluğun  fəaliyyəti ,Azərbaycan-Gürcüstan dostluğunun qədim tarixi, xalqlarımızın oxşar xüsusiyyətləri, milli adət-ənənələrimiz barədə geniş məlumat verib.

Azərbaycanın və Gürcüstanın dövlət rəhbərlərinin səyi nəticəsində imzalanan “Əsrin müqaviləsi”nin rolunu yüksək qiymətləndirən diplomat deyib ki, bu gün birgə həyata keçirdiyimiz Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi–Qars dəmir yolu layihələri, Böyük İpək yolunun bərpası layihəsi bizim dünyada nüfuzumuzu daha da artırıb. Hər iki ölkə bu layihələrdən gəlir əldə edir və xalqlarımızın sosial rifah halı günbəgün yaxşılaşır.

Batumidə təhsil alan tələbələrimiz  Azərbaycan dövlətinin siyasətinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyinin təbliğində mühüm rol oynamalıdırlar. Son günlər Dağlıq Qarabağda baş verən hadisələr zamanı dünyanın böyük dövlətlərinin Azərbaycanın mövqeyini dəstəkləməsinin Prezident İlham Əliyevin düzgün xarici siyasətinin nəticəsi olduğunu söyləyən Baş konsul Rəşad İsmayılov  bu siyasətin xarici ölkələrin ictimaiyyətinə çatdırılmasında diasporların, xüsusilə də xaricdə təhsil alan azərbaycanlı tələbələrin rolunu vurğulayıb.

Tələbələr konsulluğun binasında quraşdırılmış foto stendlərdə ulu öndər Heydər Əliyevin fəaliyyətini, Gürcüstana səfərlərini, keçirdiyi görüşləri əks etdirən şəkillərə maraqla baxıblar.

Bu cür görüşlərin mütəmadi olaraq keçirilməsinin vacibliyi vurğulanıb.

növbəti xəbər əvvəlki xəbər