2017-12-12
Dekabrın 13-də Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulluğu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirə gününə həsr edilmiş tədbir keçirib.

Tədbirdə  ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Azərbaycan Respublikasının Batumi şəhərindəki baş konsulu Rəşad İsmayılov tədbiri açaraq, Heydər Əliyev şəxsiyyətinin miqyasından və unikallığından, Azərbaycan-Gürcüstan münasibətlərinə verdiyi töhfədən, dahi liderin bu münasibətlərin inkişafinda əvəzsiz xidmətlərindən danışdı.

Baş konsul Rəşad İsmayılov həmçinin ümummilli liderin cismən aramızda olmadığı son 14 ildə onun ən layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət sayəsində Azərbaycan dövlətçiliyinin daha da gücləndiyini, xalqımızın inanılmaz tərəqqiyə şahid olduğunu və Azərbaycanın malik olduğu geosiyasi qüdrətin real gücə arxalandığını qeyd etdi.

Anım mərasimi çərçivəsində   Şahismayıl Səmədoğlunun müəllifi olduğu "Heydər Əliyev və Gürcüstan” kitabının təqdimat mərasimi keçirildi.

Anım mərasimində Acarıstan Muxtar Respublikasının Təhsil, Mədəniyyət və İdman naziri İnqa Şamilişvili, Səhiyyə və Əhalinin Sosial Müdafiə naziri Zaal Mikeladze,  Batumi şəhərinin meri Laşa Komaxidze, Türkiyə Respublikasının Baş Konsulu Makbule Kocak, İran İslam Respublikasının Baş Konsulu Hossein Maşhadi, “AcaraTV”nin baş redaktoru Natiya Kapanadze, Batumi Dövlət Universitetinin rektoru Merab Xalvaşi, Gürcüstan Beynəlxalq Sərmayəçilər Assosiasiyasının Baş Katibi Osman Çalışkan, “SOCAR-Georgia” şirkətinin əməkdaşları, muxtar respublikanın ziyalıları və Azərbaycan icmasının üzvləri iştirak etdilər.

Tədbirdə cixiş edən Acarıstan Muxtar Respublikasının Təhsil, Mədəniyyət və İdman naziri İnqa Şamilişvili, əfsanəvi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərindən danışdı.

Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin ömür yolundan bəhs edən fotosərgi və film  nümayiş etdirildi.

 

növbəti xəbər əvvəlki xəbər