2018-05-04
Azərbaycan Respublikasının Batumi şəhərindəki baş konsulu Pərviz İsmayılzadə Acarıstan Muxtar Respublikası Hökumətinin rəhbəri Zurab Pataradze ilə görüşüb.

04 may 2018-cı il tarixində Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş konsulu Pərviz İsmayılzadə Acarıstan Muxtar Respublikasının Hökumət evinin rəhbəri Zurab Pataradze ilə rəsmi görüş keçirib.

Görüşdə Z.Pataradze Baş Konsul Pərviz İsmayılzadəni yeni vəzifəyə təyin olunması münasibəti ilə təbrik edib ona fəaliyyətində uğurlar arzulayıb. 

 Z.Pataradze Azərbaycan ilə Gürcüstan arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluğunu ifadə edib. Münasibətlərin siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, ölkələrin birgə həyata keçirdiyi qlobal əhəmiyyətli Bakı-Tbilisi-Qars layihəsinin əhəmiyyətini xüsusi ilə qeyd edib. Əməkdaşlığın bundan sonrada inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Həmçinin, Z.Pataradze Gürcüstanda keçirilən Parlament seçkisi öncəsi SOCAR şirkətinin Acarıstan MR-in rayonlarını qazla təmin etdiyinə görə dərin minnətdarlığını bildirib.

Eyni zamanda o, Acarıstan Muxtar Respublikası ilə Naxcıvan Muxtar Respublikasının qardaşlaşmış regionlar olduğunu söyləyib, bu istiqamətdə təhsil və səhiyyə sahəsində ikitərəfli əlaqələrin inkişafından danışıb.

Görüşdə Baş Konsul Azərbaycanın Gürcüstan dövləti ilə strateji və iqtisadi tərəfdaş olduğunu söyləyib,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd edilən regiona daim önəm verdiyini vurğulayıb, iqtisadi və humanitar sahədə əməkdaşlığın inkişafı üçün qarşılıqlı səylərin möhkəmləndiliməsinin vacibliyini qeyd edib.

Baş Konsul Pərviz İsmayılzadəyə Acarıstan MR-də iqtisadi sahəyə dair mövcud perspektivlərdən danışan Z.Pataradze bu istiqamətdə ölkələr arası qarşılıqlı iqtisadi forumların keçirilməsininin vacib olduğunu söyləmişdir.

Həmçinin o, yeni yaranan Acarıstan Hava Yolları şirkətinin yaxın zamanlarda Batumi-Naxçıvan, Batumi-Bakı marşrutu üzrə reyslərin həyata keçirəcəyini söyləmişdir.

Turizm sahəsinə toxunan MR rəhbəri, Azərbaycandan gələn turistlərin ilbəil sayında artım müşahidə olunduğunu qeyd etmişdir.

Öz növbəsində Baş Konsul P.İsmayılzadə Gürcüstan vətəndaşlarının Azərbaycana turizm səyahətlərinin təşkilindən danışmış, bunun inkişaf edilməsinin vacibliyini qeyd etmişdir.

növbəti xəbər əvvəlki xəbər