2019-02-26
Cari ilin fevral ayının 22-da Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulluğu tərəfindən “Sheraton” mehmanxanasında Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş mərasim keçirilmişdir.

Tədbirdə rəsmi şəxslər, Türkiyə baş konsulu, SOCAR-Batumi heyətin rəhbəri, Kulevi QDT direktoru Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri, Batumi Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələri, M.F.Axundov adına Gürcüstan-Azərbaycan xeyriyyə cəmiyyətinin əməkdaşları iştirak ediblər.

Mərasimdə çıxış edən, Baş Konsul Pərviz İsmayilzadə qeyd etmişdir ki, Xocalı faciəsi Azərbaycan xalqına və insanlığa qarşı ən ağır törədilmiş cinayətlərdən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərində yüzlərlə günahsız dinc əhaliyə o cümlədən, qadın, qoca və uşaqlara qarşı ən qəddar cinayətlər törətmişlər. Nəticədə, fevralın 26-ı Xocalı tam alova büründü. Bir günün içində yer üzündən silinən şəhəri tərk

edən 2500 Xocalı sakinlərindən 613-ü vəhşicəsinə öldurülmüşdür. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i yaşlı Xocalı sakini qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi Xocalı faciəsinin beynəlxalq hüquqa əsasən məhz soyqırımı olduğunu təsdiq edir. Хоcalı soyqırımı özünün siyasi-hüquqi qiymətini yalnız Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra almışdır və bundan sonra Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması üzrə məqsədyönlü tədbirlər görülməyə başlanmışdır. Məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan parlamenti fevralın 26-sı Xocalı Soyqırımı Günü elan etmişdir.

Baş Konsul bildirmişdir ki, bu gün Azərbaycan dünya birliyinə dinc əhaliyə qarşı soyqırımı, Xocalı faciəsinin tanınması, o cümlədən Azərbaycan xalqına qarşı erməni millətçiləri tərəfindən törədilmiş bir çox cinayətlər haqqında həqiqəti çatdırmaq üçün məqsədyönlü və ardıcıl fəaliyyət həyata keçirir.

P.İsmayilzadə həmçinin bildirmişdir ki, 2008-ci ilin may ayının 8-dən etibarən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” («Justice for Khojaly») beynəlxalq təşviqat kampaniyasına start verilmişdir. Ötən müddət ərzində “Xocalıya ədalət” kampaniyası çərçivəsində dünyanın çox ölkəsində müxtəlif tədbirlər həyata keçirilmişdir.

Mərasimdə Hüquq üzrə eksperti Professor Rostom Quntaişvili baş vermiş faciəyə hüquqi qiymət vermiş və Azərbaycan xalqına qarşı edilmiş soyqırım kimi xarakterizə etmişdir. R.Guntaşivili iştirak edən qonaqları qardaş xalqa dəstək verməyə çağırmışdır.

Anım mərasimində Heydər Əliyev Fondun dəstəyi ilə lentə alınmış “Xocalı soyqırımı” adlı sənədli filmi nümayış olunmuşdur.

Tədbirin sonunda iştirakçılara foto-sərgi, press-relizlər, eləcə də Xocalı soyqırımına həsr edilmiş digər materiallar təqdim olunmuşdur.

Mərasim iştirakçıları Xocalı soyqırımı zamanı həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Mərasim və Baş Konsulun müsahibəsi “Acariya TV” kanal tərəfindən işıqlandırılmışdır.IMG_7746

IMG_7761

IMG_7793

IMG_7826

IMG_7881

növbəti xəbər əvvəlki xəbər