2019-05-15
Cari ilin 14 may tarixində Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulluğu tərəfindən Batumi şəhərinin “Şeraton” mehmanxanasında 28 may - Respublika Günü və Ulu Öndərin anadan olmasının 96-cı ildönümünü münasibətilə təntənəli mərasim keçirilmişdir.

Tədbirdə Acarıstan Muxtar Respublikası hökumətinin rəhbəri Tornike Ricvadze, Acarıstan Muxtar Respublikasının Ali Sovetinin Sədri Davit Qabaidze, Mədəniyyət və İdman Naziri İnqa Şamilişvili, Səhiyyə və Əhalinin Sosial Müdafiə Naziri Zaal Mikeladze, Maliyyə və İqtisadiyyat Naziri Djaba Putkaradze, İranın baş konsulu Ahmad Badpa, SOCAR-Batumi heyətin rəhbəri, Kulevi QDT direktoru Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri, M.F.Axundov adına Gürcüstan-Azərbaycan xeyriyyə cəmiyyətinin əməkdaşları iştirak ediblər.

Mərasim iki ölkənin Dövlət Himnlərinin səslənməsi ilə başlamışdır.

Mərasimin açılış nitqində Baş Konsul Pərviz İsmayilzadə müasir Azərbaycan Respublikası 1918-ci ilin may ayından 1920-ci ilin aprel ayınadək mövcud olmuş Azərbaycan Demokratik Respublikasının hüquqi varisi olduğunu, məhz həmin dövrdə Azərbaycan xalqının müstəqilliyinin, azadlığının, suverenliyinin bərpa edildiyini qeyd etmişdir. 101 il əvvəl, 1918-ci il mayın 28-də Tbilisidə Müsəlman Şərqində ilk Demokratik Respublikasının yaradılmasını bəyan edən Müstəqillik Bəyannaməsi qəbul edilmişdir. Azərbaycan Demokratik Respublikasının özünün parlamenti, hökuməti, ordusu, milli pul vahidi və digər dövlətçilik atributları mövcud idi. Baş Konsul qeyd etmişdir ki, ADR Avropanın əksər ölkələrini qabaqlayaraq, ilk dəfə müsəlman Şərqində qadınlara seçkilərdə iştirak etmək hüququ vermişdir.  ADR  həm də milli dövlətçilik ənənələrinin bərpasında müstəsna rol oynamışdır. Mövcud olduğu cəmi 23 ay ərzində ADR olduqca böyük işlər görmüşdür. 1920-ci ilin aprel ayında baş vermiş işğala qədər ADR-in müstəqilliyi dünyanın 26 dövləti tərəfindən tanınmış, onlardan 19-u ilə diplomatik münasibətlər qurulmuşdur.

Baş Konsul P.İsmayilzadə 1988-ci ildən etibarən Azərbaycan xalqı Ermənistan tərəfindən təcavüzə məruz qaldığını, Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağda xeyli sonradan məskunlaşan ermənilər öz müqəddəratını təyinetmə hüququnu reallaşdırmaq bəhanəsi ilə Azərbaycan ərazisinin 20 faizini işğal etdiyini söyləmişdir.

Baş Konsul Azərbaycan Respublikasının Ermənistanla müharibə vəziyyətində olmasına baxmayaraq, Azərbaycan iqtisadi, siyasi və diplomatik sahələrdə kifayət qədər əhəmiyyətli uğurlara nail olduğunu və bu uğurların uzun illər ərzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bilavasitə bağlılığını qeyd etmişdir.  Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz iqtisadi cəhətdən günü gündən qüdrətlənir, inkişaf edir. Bu gün Prezident İlham Əliyevə onun ən yaxın silahdaşı Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva yaxından köməklik göstərir. Onun həyata keçirdiyi uğurlu islahatlar Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin məntiqi davamıdır. Uğurla həyata keçirilən siyasi və iqtisadi islahatlar nəticəsində Azərbaycan Respublikası dayanıqlı inkişafa nail olmuşdur.

Baş Konsul Azərbaycanla Gürcüstanın tərəfdaş ölkə, əsrlər boyu dostluq və qardaşlıq münasibətlərində yaşadığını, bir-birilərinə yaxından köməklik etmiş, sevincli və kədərli anlarında həmişə bir-birinə dəstək olduğunu vurğulamışdır.

Acarıstan Muxtar Respublikasının Hökumətinin Sədri Tornike Ricvadze öz çıxışında Respublika Günü  və

Ulu Öndərin anadan olmasının 96-cı ildönümünü münasibətilə azərbaycan xalqını təbrik etdi. O, müstəqillik gününün elan edilməsinin bütün ölkələr üçün vacib bayram olduğunu və böyük məmnuniyyətlə bu bayramı  azərbaycan xalqı ilə bölüşdüyünü qeyd etdi. Müstəqillik illəri göstərdi ki, Gürcüstan və Azərbaycanın qarşılıqlı dəstəyə ehtiyacları var, çünkü mövcüd olan mürəkkəb siyasi və iqtisadi şəraitdə ancaq qarşılıqlı yardım və əməkdaşlıq vasitəsilə çətinliklərin aradan qaldırılması və qarşıda duran problemlərin həll olunması mümkün olacaq. Gürcüstan və Azərbaycan arasında mövcud olan strateji əməkdaşlıq çoxəsrlik tarixi dostluq və qonşuluq əlaqələri əsasında qurulmuşdur. Hazırda, münasibətlərimiz yüksək səviyyədə inkişaf edir və bölgədə beynəlxalq təhlükəsizlik, nəqliyyat və enerji, eləcə də humanitar məsələlər ilə bağlı planlaşdırılan müxtəlif layihələrdə öz əksini göstərir. Sədr məmnuniyyətlə qeyd etdi ki, Acarıstan turizm, biznes və humanitar əlaqələr sahəsində Gürcüstan-Azərbaycan münasibətlərinin möhkəmlənməsində fəal rol oynayir. Sədr bölgəyə Azərbaycan şirkətlərinin marağının artdığını, regional səviyyədə də əməkdaşlığın inkişaf etdiyini – Acarıstan və Naxçıvan arasında müxtəlif sahələrdə əməkdaşlıq yarandığını vurğuladı. O, bu münasibətlərin daha da inkişaf edəcəyinə ümid etmişdir. Çıxışının sonunda, Hökumət Sədri T.Ricvadze bir daha Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik etdi, sülh, firavanlıq və rifah arzuladı.

Mərasim zamanı Heydər Əliyev mövzusunda foto-slaydlar nümayiş etdirilmişdir.

Mərasim ziyafət və Ceyran rəqs qrupunun musiqi proqramı ilə davam etmişdir.

Batumidə keçirilmiş tədbir və Baş Konsulun müsahibəsi “Ajara TV” və “TV 4” telekanallarında nümayiş olunub.'

 

 

növbəti xəbər əvvəlki xəbər