19.01.2026-cı ildə Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikası Baş Konsulluğunun təşəbbüsü ilə 20 Yanvar 1990-cı il faciəsinin 36-cı ildönümü münasibətilə Baş Konsulluğun inzibati binasında anım tədbiri keçirildi.
Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikası Baş Konsulluğunun təşəbbüsü ilə 20 Yanvar 1990-cı il faciəsinin 36-cı ildönümü münasibətilə Baş Konsulluğun inzibati binasında anım tədbiri keçirildi. Tədbir baş konsul Fuad Əzizovun çıxışı ilə başladı.
Baş konsul çıxışında 1990-cı il yanvarın 20-də sovet ordusunun Bakıda və ölkənin digər bölgələrində dinc əhaliyə qarşı həyata keçirdiyi qanlı hərbi müdaxilə nəticəsində yüzlərlə günahsız insanın həlak olduğunu, minlərlə insanın yaralanngığını lakin bu faciə xalqımızın iradəsini sındıra bilməmiş, əksinə, milli azadlıq ruhunu daha da gücləndirmiş, Azərbaycanın müstəqilliyə gedən yolunda dönüş nöqtəsinə çevrildiyini qeyd etdi.
20 Yanvar faciəsinin Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizəsində xüsusi əhəmiyyət daşıdığını vurğuladı.
O, öz çıxışında 20 Yanvar şəhidlərinin Azərbaycan dövlətçiliyinin bərpası uğrunda canlarından keçdiklərini qeyd edərək, onların xatirəsinin hər zaman böyük ehtiramla anıldığını bildirdi. F.Əzizov, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin faciə ilə bağlı verdiyi siyasi-hüquqi qiymətinin vacibliyi, hadisələrin mahiyyətinin dünya ictimayyətinə çatdırılmasında mühüm rolu, bununla yanaşı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında şəhidlərimizin xatirəsinin daim uca tutulduğu, onların ailələrinə dövlət səviyyəsində xüsusi diqqət və qayğının göstərildiyi barədə ətraflı bəhs etdi. Baş konsul, xaricdə yaşayan azərbaycanlıların milli-mənəvi dəyərlərimizin, tariximizin və həqiqətlərimizin yaşadılması və gələcək nəsillərə ötürülməsində mühüm rol oynadıqlarını xüsusi vurğuladı.
Daha sonra 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Anım mərasimində Batumidə fəaliyyət göstərən diaspor təşkilatı "Mirzə Fətəli Axundov adına Gürcüstan-Azərbaycan xeyriyyə cəmiyyəti"nin sədri Rövşən Namazov, ARDNŞ-ın Acarıstan MR-dəkı bölməsinin rəhbəri Səfər Əli-zadə, ARDNŞ-ın Kulevi Neft Terminalının rəhbəri İsmayıl Kərimov və kollektivi, yerli əhalinin təmsilçiləri, regionda yaşayan azərbaycanlılar, təhsil alan tələbələr, eləcə də icma nümayəndələri və digər qonaqlar iştirak etdilər.
Tədbir zamanı iştirakçılar da çıxışları zamanı vurğuladılar ki, 20 Yanvar şəhidlərinin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq və onların qəhrəmanlığı heç vaxt unudulmayacaqdır.
Anım tədbiri iştirakçıların şəhidlərə ehtiramlarını ifadə etmələri və tədbirin yüksək mənəvi-ruhi ab-hava şəraitində başa çatması ilə yekunlaşdı.
https://azertag.az/xeber/qanli_yanvar_sehidlerinin_xatiresi_batumide_ehtiramla_anilib-3975315
https://azertag.az/xeber/gurcustan_portalinda_20_yanvar_faciesi_ile_bagli_meqale_derc_olunub-3975523