2011-05-10

Batumidə Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar "Azərbaycan Günü" keçirilib

Azərbaycanın Batumi şəhərindəki Baş Konsulluğu tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20-ci ildönümü ilə əlaqədar çərşənbə axşamı Batumi Dövlət Universitetində "Azərbaycan Günü" keçirilib.

Tədbirdə Acarıstan Muxtar Respublikasının sədri L.Varşalomidze, Batumi şəhərinin meri R.Çxaidze, mədəniyyət və təhsil naziri Q.Abuladze, kənd təsərrüfatı naziri D.Surmanidze, Batumi şəhər Şurasının deputatları, Acarıstan Muxtar Respublikası hökuməti aparatının və digər nazirkliklərin məsul əməkdaşları, Batumidə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, ali məktəbin tələbə və müəllim heyəti, Acarıstan ictimayyətinin, habelə kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

Tədbirdə baş konsul Hüseyn Nəcəfov "Azərbaycan Respublikasının tarixi və bu günü" mövzusunda məruzə ilə çıxış edib.

Baş Konsul məruzəsində Azərbaycanın zəngin tarixi və mədəniyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münagişəsinin hazırkı vəziyyəti, Azərbaycanın müasir iqtisadiyyatının inkişafı barədə məlumat verib, ölkəmizin əldə etdiyi uğurların məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib.

Tədbirdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən geniş fotosərgi təşkil olunub, habelə Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış "Когда мы говорим Азербайджан" sənədli film nümayiş etdirilib.

Baş konsul Nəcəfovun təklifi ilə Batumi Dövlət Universitetinin kitabxanasında "Heydər Əliyev kitab fondu" yaradılıb. Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən bu məqsədlə Baş Konsulluğa təqdim olunmuş ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar, Azərbaycan haqqında kitablar və Azərbaycana dair digər ədəbiyyat tədbir zamanı Batumi Dövlət Universitetinin "Heydər Əliyev kitab fondu"na hədiyyə edilib.

Tədbirdə Acarıstan Muxtar Respublikasının sədri L.Varşalomidze, Batumi Dövlət Universitetinin rektoru professor A.Bakuridze çıxış edərək Azərbaycan-Gürcüstan dosluq münasibətlərinin gündən-günə möhkəmlənməsi, iki ölkənin müxtəlif sahələrdə əməkdaşlığının genişlənməsi, tarixə əsaslanan dostluq münasibətlərinin inkişafını xüsusilə vurğulayaraq, bu gün münasibətilə Azərbaycan xalqını təbrik ediblər.

Tədbir və baş konsulun müsahibəsi yerli telekanallar tərəfindən işıqlandırılıb.

Arxiv üzrə axtarış