2014-05-14

Batumi şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə bağlı tədbir keçirilib

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə bağlı Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərindəki Baş Konsulluğu tərəfindən cari ilin 14 may tarixində Şota Rustaveli adına Batumi Dövlət Universitetində təntənəli mərasim keçirilmişdir.

Tədbirdə Acarıstan Muxtar Respublikası Hökumətinin Sədri Arçil Xabadze, Acarıstan Muxtar Respublikasının Ali Sovetinin Sədri Avtandil Beridze, Batumi Dövlət Universitetinin Rektoru Alyoşa Bakuridze, Mədəniyyat və İdman Naziri Qiya Tavamaişvili, Səhiyyə və Əhalinin Sosial Müdafiə Naziri Nuqzar Surmanidze, Acarıstan Muxtar Respublikasının hökumət aparatının, meriyanın və nazirliklərinin məsul işçiləri, Batumi Dövlət Universitetinin professor, müəllim və tələbə heyəti, Acarıstanın ziyalıları iştirak etmişlər.

Baş Konsul H.Nəcəfov öz çıxışında Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunub qorunmasında və beynəlxalq arenada mövqeyinin möhkəmlənməsində, iqtisadi və siyasi islahatların həyata keçirilməsində son dərəcə mühüm rolunu vurguladı. Baş Konsul Ümummilli Liderin apardığı siyasət nəticəsində bu gün Azərbaycanın dünyada sürətlə inkişaf edən ölkələrdən biri olduğunu qeyd etdi. H.Nəcəfov bildirdi ki, erməni təcavüzünə məruz qalmış və Azərbaycan Respublikasının torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunmasına baxmayaraq, Azərbaycan iqtisadi, siyasi və diplomatik sahələrdə yüksək uğurlara nail olmuşdur. Bu uğurlar uzun illər ərzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Baş Konsul qeyd etdi ki, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin məntiqi davamıdır və bunların nəticəsində Azərbaycan müxtəlif sahələrdə böyük nailiyyətlərə müvəffəq olmuşdur.

Acarıstan Muxtar Respublikasının Hökumət Sədri Arçil Xabadze öz çıxışında qeyd etdi ki, Heydər Əliyev 20-ci əsrin görkəmli liderlərindən biriydir. Onun həyatı bir daha sübut edir ki, Heydər Əliyev ölkə tarixində və inkişafında böyük əhəmiyyət kəsb edir. Ölkəyə ağır vaxtlarında başcılıq edərək ona yenidən sülh, iqtisadi və siyası müstəqilliyi qazandırmışdır. Hökumət Sədri bildirdi ki, hazırda Azərbaycan Respublikası bütün sahələrdə sürətlə inkişaf edən müasir ölkəyə çevrilib, eyni zamanda da öz çox əsirli ənənələrini qoruyub saxlayıb.

Tədbirdə həmçinin Acarıstan Muxtar Respublikasının Alı Sovetin Sədri Avtandil Beridze çıxış etmişdir. O, öz nitqində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə Azərbaycan xalqını təbrik etdi. A.Beridze Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın və Gürcüstanın müstəqilliyinin möhkəmlənməsində və inkişaf olunmasında əvəzolunmaz rol oynadığını qeyd etdi. A.Beridze qeyd etdi ki, Heydər Əliyev 20-ci əsrin dahi insanlarından biridir və o dünyanın bir çox insanları üçün bir nümunədir. Sədr həmçinin bildirdi ki, 2013-cü ildə Azərbaycan tərəfinin dəvəti ilə Bakı şəhərində keçirilən Beynəlxalq Humanitar Forumunda iştirak etmiş və Azərbaycanın paytaxtının və Naxçıvan Muxtar Respublikasının inanılmaz inkişafının şahidi olmuşdur.

Tədbirdə çıxış edən Batumi Dövlət Universitetinin Rektoru Alyosha Bakuridze də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə Azərbaycan xalqını təbrik etdi və Baş Konsulluğunun təşəbbüsü ilə Universitetinin Kitabxanasında “Heydər Əliyev adına Kitab Fondu” fəaliyyət göstərdiyini qürurla qeyd etdi. Universitetin Rektoru həmçinin, Batumi Dövlət Universitetinin Naxçıvan Dövlət Universiteti ilə sıx əməkdaşlıq etdiyini vurğuladı.

Tədbir zamanı Heydər Əliyevin həyatına və görkəmli fəaliyyətinə həsr olunmuş fotosərgi, “Путь победителя” sənədli filmi və Azərbaycan haqqında  “Azerbaijan Land of the Future” video çarxı nümayiş etdirildi.

Arxiv üzrə axtarış