2016-05-10

Batumi şəhərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar tədbir keçirildi

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar mayın 10-da Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulluğu tərəfindən tədbir keçirilib.

Tədbir ümummilli liderin konsulluqda yerləşən büstü önünə əklilin qoyulması və onun xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Konsulluqda, Baş konsul Rəşad İsmayılov, Batumi Dövlət Universitetinin Beynəlxalq hüquq, Beynəlxalq münasibətlər üzrə təhsil alan 30 nəfərdən ibarət tələbələri qəbul etmiş, onlara Heydər Əliyevin Azərbaycan tarixindəki parlaq ictimai-siyasi fəaliyyətindən bəhs etmışdir.

Bundan sonra, Şota Rustaveli adına Batumi Dövlət Universitetində Ümummilli Liderin adını daşıyan “Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzi” –nin acılışı olub. Acılışda iştirakçıları salamlayan Baş konsul Rəşad İsmayılov Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində göstərdiyi xidmətləri xatırladıb və məhz onun səyləri nəticəsində Azərbaycanın dünya ictimaiyyəti arasında öz layiqli yerini tutduğunu qeyd edib. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkənin üzləşdiyi problemlərin həllində, möhkəm iqtisadi inkişafın əsasının yaradılmasında və tarazlaşdırılmış xarici siyasət kursunun təyin edilməsində Heydər Əliyevin əvəzedilməz rolunu vurğulayan baş konsul onun tərəfindən əsası qoyulan inkişaf strategiyasının Azərbaycanı regionun lider ölkəsinə çevirdiyini bildirib.

Baş konsul Rəşad İsmayılov “Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzi”–nin yaradılmasının iki ölkə arasında elm, təhsil, mədəniyyət, humanitar və digər əlaqələrə dair konfrans və sərgilərin keçirilməsi, universitetin tələbələri üçün Azərbaycan ədəbiyyatı, tarixi və mədəniyyəti ilə daha yaxından tanış olmağı baxımından son dərəcə vacib olduğunu bildirib.

Acarıstan Muxtar Respublikasının Ali Sovetinin sədri Aftandil Beridze çıxış edərək, əfsanəvi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərindən danışdı.

Tədbirdə Acarıstan Muxtar Respublikasının Ali Sovetinin sədri Aftandil Beridze və digər dövlət rəsmiləri, Acarıstan Muxtar Respublikasının Təhsil, Mədəniyyət və İdman naziri Qiya Tavamaishvili, Batumi şəhərinin meri Georgiy Yermakov, Türkiyə Respublikasının və İran İslam Respublikasının Baş Konsulluqlarının əməkdaşları,Batumi Dövlət Universitetinin rektoru, Acarıstan Muxtar Respublikasının hökumət aparatının və nazirliklərinin, “SOCAR-Georgia” şirkətinin əməkdaşları, muxtar respublikanın ziyalıları və Azərbaycan icmasının üzvləri iştirak etdilər.

Çıxışların ardınca Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

Batumidə keçirilmiş tədbir “Ajara TV” telekanalında nümayiş olundu. http://ajaratv.ge/news/ge/887/haidar-alievis-sakhelobis.html

 

Arxiv üzrə axtarış