2016-10-19

Batumidə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 25-ci il dönümünə həsr olunmuş tədbir keçirildi

18 oktyabr - Müstəqillik Günü münasibəti ilə Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulluğu tərəfindən təntənəli tədbir keçirilmişdir.

Tədbirdə, Acarıstan Muxtar Respublikasının Ali Sovetinin Sədri Avtandil Beridze, Batumi şəhərinin meri Qiorqi Ermakov, Kənd-Təsərrüfatı naziri Laşa Komaxidze, Təhsil, Mədəniyyət və İdman naziri Qiya Tavamaişvili , Batumi Dövlət Universitetinin rektoru Merab Xalvaşi, Türkiyə Respublikasının Baş Konsulu Yasin Temizkan, İran İslam Respublikasının Baş Konsulu Hossein Maşhadi, SOCAR-ın Gürcüstan nümayəndəliyinin Batumi şəhərindəki əməkdaşları, M.F.Axundov adına Gürcüstan-Azərbaycan xeyriyyə cəmiyyətinin sədri Vidadi Axundov və Azərbaycan icmasının üzvləri, “AcaraTV”nin baş redaktoru Soso Sturua, Batumidə fəaliyyət göstərən digər icmaların nümayəndələri iştirak etmişlər.

Tədbir hər iki ölkənin Dövlət Himnlərinin səslənməsi ilə başladı.

Tədbirin açılış nitqində Baş Konsul Rəşad İsmayılov 18 oktyabr - Müstəqillik Gününün müasir Azərbaycan tarixinin şanlı səhifəsi olduğunu bildirdi. O, qeyd etdi ki, 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev yenidən müstəqilliyini itirmək təhlükəsi qarşısında qalan Azərbaycanı sözün həqiqi mənasında xilas etdi: “Heydər Əliyevin qayıdışı ilə dağılmaqda, məhv olmaqda olan Azərbaycanın yeni bir dövrü başlayıb. Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra həyata keçirdiyi islahatların, yürütdüyü siyasətin nəticəsində Azərbaycan bütün dünyaya tanınıb. Ulu Öndər hakimiyyətdə olduğu illərdə cəbhədə atəşkəsə nail olunub, 1994-cü ildə "Əsrin müqaviləsi" bağlanılıb, ilk dəfə olaraq ölkənin konstitusiyası qəbul olunub, bütün sahələrdə islahatların keçirilməsinə şərait yaradılıb. Sevindirici haldır ki, Dahi Öndərin ideyaları bu gün Prezident Cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, Azərbaycan xalqı Onun rəhbərliyi altında xoşbəxt gələcəyə doğru qətiyyətlə addımlayır".

Tədbir ziyafət və klassik musiqi proqramı ilə davam etmişdir.

Arxiv üzrə axtarış