2020-01-20
Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulluğu tərəfindən 1990-cı il 20 Yanvar faciəsi qurbanlarının xatirəsi Günü keçirmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulluğun əməkdaşları, Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri, M.F.Axundov adına Gürcüstan-Azərbaycan xeyriyyə cəmiyyətinin əməkdaşları iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları 1990-cı ilin Qanlı Yanvar Şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Qanlı yanvar hadisələrinin 30-ci ildönümünə həsr olunmuş tədbirdə Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulu Pərviz İsmayılzadə çıxış etmişdir. O, çıxışında Sovet Ordusunun 1990-cı ilin yanvarında Bakı şəhərində törətdiyi qanlı hadisələrdən, paytaxtın dinc sakinlərinə qarşı görünməmiş qəddarlıqla həyata keçirilən, çoxsaylı qurbanlarla nəticələnən cəza aksiyasından danışmışdır. Baş Konsul çıxışında o günlərdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində mətbuat konfransı keçirərək SSRİ rəhbərliyini Bakıda qan tökdüyünə görə rəsmən ittiham etməsini xüsusi  olaraq vurğulamışdır.

 P.İsmayılzadə  hazırda Bakının ən uca nöqtəsində Şəhidlər Xiyabanının salındığını  və bu Xiyabanda 20 Yanvar faciəsinin qurbanları dəfn olunduğunu qeyd etmişdir. Buna görə də bu gün rəsmi ziyarət yerinə çevrilmiş Şəhidlər Xiyabanı Azərbaycanın hər bir vətəndaşının qürur duyduğu müqəddəs bir məkandır. Hər il yanvarın 20-si yüz minlərlə soydaşımız canlarını doğma Vətənin azadlığı və müstəqilliyi yolunda qurban vermiş mərd oğul və qızlarımızın uyuduğu bu məkanı ziyarət edir, şəhidlərin xatirəsini dərin hörmətlə yad edirlər.

Çıxışlardan sonra. Bakı şəhərində faciəli 20 yanvar hadisələrini özündə əks etdirən fotosərgi də qonaqların diqqətinə çatdırılmışdır.

Həmçinin Acarıstan Muxtar Respublikasının ən məşhur qəzetlərindən biri olan “Acaraps” qəzetində “Azərbaycan xalqının faciəsindən 30 il ötüb” adlı məqalə dərc edilmişdir.

 

növbəti xəbər əvvəlki xəbər