2020-07-28
Azərbaycanın Batumi şəhərindəki Baş konsulluğu Tovuz hadisələri ilə bağlı Acarıstan ictimaiyyətini məlumatlandırmışdır.

Cari ilin iyul ayının 27-də Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulluğunun inzibati binasında 12 iyul 2020-ci də Azərbaycanın Tovuz bölgəsində, Azərbaycan Ermənistan dövlət sərhədində baş verən son hadisələrlə bağlı tədbir keçirilmişdir.

Tədbirdə Acarıstan Muxtar Respublikasının Ali Şurasının Sədrinin müşaviri İrakli Beridze, İctimai Ekspertlər Birliyinin sədri Tamaz Tsintsadze, tarix elmləri doktoru, professor Sergo Dumbadze, sosioloq elmlər doktoru Nugzar Chkhaidze, beynəlxalq hüquq üzrə ekspert Rostom Güntaişvili, TV 12 kanalının Baş direktoru Jemal Megrelidze, Batumi Dövlət Dəniz Akademiyasının professoru Goca Chinchaladze iştirak etmişlər.

Tədbir iştirakçıları həlak olan Azərbaycan şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Tədbirdə çıxış edən, Baş konsul Pərviz İsmayilzadə Tovuz Qarabağda deyil, işğal olunmuş Dağlıq Qarabağdan Ermənistan-Azərbaycan sərhədinə 300 km məsafədə yerləşir, Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistanla həmsərhəd olan Tovuz rayonu istiqamətində mövqeləri ələ keçirmək üçün atəşkəs rejimini yenidən kobud şəkildə pozduğunu, Azərbaycan silahlı qüvvələrinin mövqelərinin atəşə tutulduğunu qeyd etmişdir.

Azərbaycan tərəfi dərhal lazımi tədbirləri görmüş və qisas əməliyyatı keçirilmiş, nəticədə onlarla düşmən və onlarla texnikası məhv edilmişdir. Məqsədli bir zərbə ilə Azərbaycan ordusu düşmənin atəş nöqtələrini, radar stansiyasını, hərbi maşınlar üçün dayanacaq yerini, bir tankı, şəxsi heyəti daşıyan zirehli texnikası, batalyon qərargahını və hərbi infrastrukturunu məhv etmişdir.

 Baş konsul Tovuz bölgəsində, Azərbaycan Ermənistan dövlət sərhədində baş verən son hadisələr ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verərək bildirmişdir ki, Ermənistan hərbiçiləri tərəfindən gözlənilmədən hərbi mövqelərimiz artilleriya atəşinə tutulmuş, hərbçilərimiz general-mayor Polad Haşımov və polkovnik İlqar Mirzəyev qəhrəmancasına həlak olmuşdur. Təəssüf ki, itkilər bununla yekunlaşmamış: mayor Namiq Əhmədov və Anar Novruzov, zabitlər Zeynallı İlqar və Babayev Yaşar və siravi əsgər Elçin Mustafayev də şəhid olmuşdur.

Tədbirdə Ermənistanın radikal qüvvələri tərəfindən Azərbaycana qarşı olduqca aqressiv təxribatçı hərəkətlər müşahidə olunduğunu, Azərbaycanın Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Hollandiya, Belçikadakı diplomatik nümayəndəliklərinə qarşı bir sıra təxribatlar törədildiyi də qeyd edilmişdir.

Tədbir iştirakçıları çıxış edərək, 12 iyul 2020-ci il tarixində Azərbaycanın Tovuz bölgəsində, Azərbaycan Ermənistan dövlət sərhədində baş verən son hadisələrə münasibət bildirmiş və Azərbaycan xalqına dəstək nümayiş etdirmişlər.

Tədbirin sonunda Baş konsul baş vermiş hadisələrlə bağlı iştirakçıların çoxsaylı suallarını cavablandırmışdır.

Baş konsulluğun inzibati binasında Tovuz hadisələrində şəhid olmuş həmvətənlərimizin əziz xatirəsinə və Ermənistan artilleriyasından atılan atəş zamanı kənd sakinlərinin evlərin düşmüş mərminin törətdiyi fəsadlara dair stend nümayiş etdirilmişdir.

Tədbir Acarıstan MR mətbuatında və “Acariya TV12” kanalında işıqlandırılacaqdır.

 

əvvəlki xəbər