Ümumi məlumat
Diplomatik pasport – Azərbaycan Respublikası vətəndaşı olan müvafiq şəxslərə Azərbaycan Respublikasından getmək və Azərbaycan Respublikasına gəlmək hüququnun həyata keçirilməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi) tərəfindən verilən, Azərbaycan Respublikasının ərazisindən kənarda onların şəxsiyyətini və vətəndaşlığını təsdiq edən, bütün ölkələrə xidməti işlə əlaqədar getmək üçün etibarlı olan rəsmi sənəddir.
Azərbaycan Respublikasının “Pasportlar haqqında” qanununun 6-ci maddəsinə əsasən diplomatik pasport aşağıdakı siyahıda göstərilən şəxslərə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilir:
1) öz vəzifələrinin icra etməyə başladıqdan ən geci 15 gün keçənədək Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikası Hesablama Palatasının sədrinə, sədr müavininə və auditorlarına, Nazirlər Kabinetinin üzvlərinə, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin hakimlərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasından seçilmiş hakimə, apellyasiya məhkəmələrinin sədrlərinə, Baş prokurora və onun müavinlərinə, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), Məhkəmə-Hüquq Şurasının üzvlərinə, Mərkəzi Bankın sədrinə və onun müavinlərinə, Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin direktoruna, Azərbaycan Respublikası Mərkəzi seçki komissiyasının sədrinə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların, habelə Azərbaycan Respublikasının Milli Məclisi, Hesablama Palatası Nazirlər Kabineti, Konstitusiya Məhkəməsi aparatlarının rəhbər işçilərinə (şöbə müdirləri də daxil olmaqla yuxarı vəzifəlilərə), mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə, diplomatik xidmət əməkdaşlarına, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə və onun müavinlərinə, Nazirlər Kabinetinin üzvlərinə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədrinə və sədr müavininə, Naxçıvan Muxtar Respublikasının Prokuroruna;
2) Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi sədrinin və istisna hallarda Azərbaycan Respublikası xarici işlər nazirinin sərəncamına əsasən beynəlxalq konfranslarda, müşavirələrdə və danışıqlarda, BMT Baş Məclisinin sessiyalarında, BMT-nin orqanlarında, beynəlxalq təşkilatların konfranslarında, dövlətlərarası görüş və əlaqələrdə Azərbaycan Respublikasını təmsil edən nümayəndə heyətlərinin üzvlərinə və xüsusi nümayəndələrə;
3) Azərbaycan Respublikası Prezidentinin, Milli Məclisi sədrinin, Baş nazirin, Konstitusiya Məhkəməsi sədrinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasından seçilmiş hakimin, xarici işlər nazirinin, habelə xaricə 3 aydan artıq müddətə ezam olunan, yuxarıda sadalanan digər şəxslərlə birlikdə gedən arvadına (ərinə), 18 yaşına çatmamış uşaqlarına, 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladlarına və 18 yaşına çatmış ərdə olmayan qızına;
4) diplomatik korrespondensiyaları daşıyan feldyeger rabitəsi orqanının əməkdaşlarına;
5) Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən müvafiq icra hakimiyyəti orqanının zabit heyətinə;
6) Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinə
7) müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilən, xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən hərbi attaşelərə, hərbi nümayəndələrə, həmçinin hərbi attaşelik və hərbi nümayəndəlik aparatlarının digər zabit heyətinə;
8) müvafiq icra hakimiyyəti orqanının xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinə verilir.
Diplomatik pasportun verilməsi və ya dəyişdirilməsi üçün dövlət rüsumu alınmır.
Diplomatik pasport onun sahibinə beş il və ya xüsusi səlahiyyətlərin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş müddətə verilir.
Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının keçmiş Prezidentinə və onun arvadına (ərinə), Milli Məclisinin sədrinə, Baş nazirinə, Konstitusiya Məhkəməsinin sədrinə, xarici işlər nazirinə isə diplomatik pasport ömürlük verilir.
Həmin pasport xaricdə diplomatik immunitetdən istifadə etmək hüququ verir. Bütün səlahiyyətli şəxslər diplomatik pasport sahibinə, həmin pasportda yazılmış şəxslərə sərhədi sərbəst və təhlükəsiz keçməkdə, digər zəruri hallarda kömək və havadarlıq göstərməyə borcludurlar.
Diqqət! Azərbaycan Respublikası vətəndaşının diplomatik pasportuna sahib olan vətəndaşlar xidməti işlə əlaqədar ezam ediləcəyi xarici ölkəyə viza əldə etmək üçün (beynəlxalq müqavilələrə uyğun olaraq vətəndaşların vizasız gediş-gəlişi haqqında qarşılıqlı razılaşma olan ölkələrdən başqa) Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin müvafiq notası əsasında müvafiq xarici ölkənin Azərbaycan Respublikasında yerləşən (və ya akkreditə olunmuş) diplomatik nümayəndəlik və ya konsulluğuna müraciət etməlidirlər.
Pasport verilməsi haqqında ərizəyə (vəsatətə) baxılması
- Pasport verilməsi haqqında vətəndaşın ərizəsinə (müəssisənin, idarənin, təşkilatın vəsatətinə) pasportun tipindən asılı olaraq bu Qanunun 4, 5 və ya 6-cı maddələrində nəzərdə tutulmuş müddətlərdə, əgər səfər xaricə gedən şəxsin və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlıdırsa, bu faktları təsdiqləyən sənəd təqdim edildikdən ən geci 48 saat keçənədək baxılır.
- Vətəndaşın ölkədən getmək hüququ Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində göstərilmiş hallara əsasən müvəqqəti məhdudlaşdırıldıqda pasport verilməsi haqqında xahiş səbəbləri yazılı şəkildə ərizəçinin (vəsatət verənin) nəzərinə çatdırılmaqla rədd edilir və onların təkrar ərizəsinə (vəsatətinə) imtinanı doğuran səbəblər aradan qaldırıldıqdan sonra baxılır.
- Vətəndaş haqqında yalan məlumat yazılmış və ya qüvvədən düşmüş sənəd təqdim olunubsa, pasportun verilməsindən imtina edilir və həmin məsələyə yalnız yeni sənədlər təqdim edildikdən sonra baxıla bilər.
- Dövlət sirrinin mühafizəsi ilə əlaqədar pasportun verilməsindən imtina yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda edilir.
- Pasportun verilməsi haqqında ərizəyə (vəsatətə) baxılmasının süründürülməsindən və ya buna imtina edilməsindən vətəndaş inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər.
Bu Qanunu pozmağa görə məsuliyyət
- Pasporta yalan məlumatlar daxil edildikdə, pasport oğurlandıqda, saxtalaşdırıldıqda, satıldıqda, qanunsuz hazırlandıqda və ya istifadə edildikdə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar.
Azərbaycan Respublikası vətəndaşının pasportu
- Azərbaycan Respublikası vətəndaşının pasportu (bundan sonra — pasport) Azərbaycan Respublikasının ərazisindən kənarda vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə ona ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün verilən vahid sənəddir.
- Pasport hər bir Azərbaycan Respublikası vətəndaşına bu Qanunla müəyyən edilmiş qaydada verilir və bütün ölkələrə getmək üçün etibarlıdır.
- Pasportun ümumvətəndaş, xidməti və diplomatik tipləri vardır. Pasportların təsvirini, spesifikasiyasını və nümunəsini müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
- Pasport Azərbaycan Respublikasının mülkiyyətidir, onun vətəndaşdan alınması və ya girov götürülməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallar istisna olunmaqla qəti qadağandır.
- Hər bir vətəndaş pasportu möhkəm saxlamağa borcludur. Pasport itdikdə vətəndaş pasport verən dövlət orqanlarına, belə hadisə xaricdə baş verərsə, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna dərhal məlumat verməlidir. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə belə vətəndaşları qısa müddət ərzində Azərbaycan Respublikasına qayıtmaq hüququ verən sənədlə təmin edirlər.
- Vətəndaş öldükdə onun pasportu, habelə etibarlıq müddəti qurtarmış pasport müvafiq dövlət orqanına təhvil verilir.
Diplomatik pasportun rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər
Azərbaycan Respublikası vətəndaşının diplomatik pasportunun verilməsi və ya dəyişdirilməsi üçün aşağıdakı sənədləri təqdim etmək lazımdır:
- Bir ədəd diplomatik pasportun verilməsi haqqında təmsil olunan müəssisənin (idarənin, təşkilatın) xüsusi forma üzrə doldurulmuş vəsatəti
a (vəzifəli şəxslərin özləri üçün) (nümunəsi əlavə olunur);
b (vəzifəli şəxslərin ailə üzvləri üçün (nümunəsi əlavə olunur);
- Vəsatət tam doldurulduqdan və şəxsin təmsil etdiyi müvafiq dövlət orqanının möhürü və rəhbərin imzası ilə təsdiq edildikdən sonra onun əsli təqdim edilməlidir.
- Şəxsin 2 ədəd rəngli foto-şəkli (3x4sm ölçüdə, ağ fonda);
- Təmsil edilən müvafiq dövlət orqanı tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin adına ünvanlanan, şəxsin xidməti işlə əlaqədar xarici ölkəyə ezam edilməsi(ezamiyyət tarixi və zəruri hallarda şəxsin ezamiyyə vəzifələrinə münasibətdə səlahiyyət müddəti) və bu məqsədlə onun adına diplomatik pasportun rəsmiləşdirilməsi zərurəti barədə məlumatları özündə əks etdirən rəsmi məktubun əsli;
- şəxsiyyət vəsiqəsinin əsli və surəti;
- əvvəlki diplomatik pasportunun əsli və surəti;
- vəzifəli şəxsin ailə üzvləri üçün nigah haqqında şəhadətnamənin surəti
- vəzifəli şəxsin 18 yaşı tamam olmamış övladı üçün hər iki valideynin notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi
- Vəsatət vəzifəli şəxsin 15 yaşı tamam olmamış uşağı barəsində olduqda - qan qrupu haqqında tibbi arayış (uşağın fərdi identifikasiya kartının surəti təqdim edildikdə bu sənəd tələb olunmur);
- Pasportun etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya pasport, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud pasportun üzərindəki və ya elektron daşıyıcısındakı məlumatların səhv olduğu müəyyənləşdirildikdə, pasport dəyişdirilməlidir.
Qeyd: Diplomatik pasport almaq hüququ olan vəzifəli şəxsin uşaqlarına müvafiq pasport verildikdə, yalnız 15 yaşı tamam olmuş uşaqlar vəzifəli şəxslə birlikdə vəsatətdə şəxsi imzalarını qeyd edirlər.
Pasportda göstərilən məlumatlar
Tiplərindən asılı olmayaraq hər bir pasportda:
- Azərbaycan Respublikasının adı, dövlət gerbi, ölkənin kodu, pasportun tipi, nömrəsi, sahibinin soyadı, adı, atasının adı, vətəndaşlığı, doğulduğu yer və tarix, cinsi, fərdi identifikasiya nömrəsi, qan qrupu, pasportu verən orqanın adı, verilmə tarixi, etibarlılıq müddəti, pasport sahibinin şəxsi imzası, pasporta aid olan tələblər göstərilir;
- pasport sahibinin üz təsviri üçün yer, elektron daşıyıcının (çipin) mövcudluğunu göstərən xüsusi işarə və maşınla oxuna bilən iki sətirdən ibarət yazı əks olunur;
- xarici ölkəyə daxil olmaq üçün rəsmiləşdirilmiş icazələr (vizalar) və digər xüsusi (gömrük və sərhəd məntəqələrini keçməsi barədə) qeydlər edilir.
- Bundan əlavə xidməti pasportda bu Qanunun 5-ci maddəsinin üçüncü hissəsində, diplomatik pasportda isə bu Qanunun 6-cı maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş hallar göstərilir.
- Pasportdakı yazılar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində göstərilir.
- Pasportda elektron daşıyıcı (çip) yerləşdirilir. Elektron daşıyıcıya (çipə) bu maddənin birinci hissəsinin 1-ci bəndində göstərilən məlumatlar (pasport sahibinin imzası istisna olmaqla), pasport sahibinin üz təsviri, 15 yaşına çatmış vətəndaşın əl-barmaq izi və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi halda digər məlumatlar daxil edilir.
- Bu maddədə nəzərdə tutulmuş məlumatları pasporta və ya onun elektron daşıyıcısına daxil edən vəzifəli şəxs həmin məlumatların düzgünlüyünə görə cavabdehdir.