Viza

Vizanın anlayışı, kateqoriya, məqsəd və növləri:

 

Anlayışı:

 

Viza - ölkəyə viza tələb olunan qaydada gələn əcnəbinin ölkəyə gəlməsinə, vizada göstərilən qalma müddətində ölkədə müvəqqəti olmasına, həmin müddətdə sərhəd nəzarət məntəqələrindən müəyyən olunmuş qaydada keçməklə ölkədən getməsinə hüquqi əsas verən rəsmi sənəddir.

 

Kateqoriyaları: 

 

Vizanın - diplomatik, xidməti və adi olmaqla - üç kateqoriyası vardır.

 

Növləri:

 

Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə 2 növdə olan - giriş və ya tranzit vizası aşağıdakı qaydada rəsmiləşdirilir:  


1. Giriş vizası – bu növ vizanın etibarlılıq müddəti 3 gündən 3 aya qədərdir.


Birdəfəlik (adi) giriş vizası – bu müddət ərzində ölkəyə yalnız bir dəfə giriş-çıxışı həyata keçirməyə icazə verir.

Çoxdəfəlik giriş vizası - bu növ vizanın etibarlılıq müddəti 1 ildən 2 ilə qədərdir. Bu viza şəxsə müvafiq müddət ərzində ölkəyə çoxsaylı giriş-çıxışı həyata keçirməyə icazə verir.

Əgər viza bu müddətlər ərzində istifadə olunmazsa o, qüvvədən düşür. 

 

2. Bir və ya çoxdəfəlik tranzit vizası – üçüncü ölkələrə gedən əcnəbilərə Azərbaycan Respublikasının ərazisindən tranzit keçmək üçün verilir. Tranzit vizası sahibinə Azərbaycan Respublikasında ən çoxu 5 gün qalmaq imkanı verir.  

 

Məqsədləri:

 

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı məqsədlərlə ölkəyə gələrsə adi kateqoriyalı giriş vizası əldə edə bilərlər: 

 

  • işgüzar məqsəd
  • elmi məqsəd
  • təhsil məqsədi
  • əmək fəaliyyəti ilə məşğul olmaq məqsədi
  • turizm məqsədi 
  • mədəni məqsəd
  • idman məqsəd
  • humanitar məqsəd 
  • şəxsi səfər məqsədi
  • Yalnız rəsmi məqsədlə ölkəyə gələn şəxslərə diplomatik və ya  xidməti kateqoriyalı giriş vizası verilir.

 

Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin nəzərinə!

 

Azərbaycan Respublikasına əmək fəaliyyəti ilə məşğul olmaq üçün səfər etmək istəyən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən əmək məqsədilə birdəfəlik adi giriş vizası rəsmliləşdirilir. 

 

“Əcnəbinin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirilməsi üçün fərdi icazənin verilməsi Qaydalarının və həmin fərdi icazənin nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 dekabr 2000-ci il tarixli, 214 saylı Qərarına əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəmizdə əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə fərdi icazə əldə etmək üçün yalnız Azərbaycan Respublikasına gələndən sonra müvafiq dövlət orqanlarına müraciət edə bilər.

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti