Vizanın verilməsi üçün müraciət edilməsi və vizanın verilməsi qaydaları

Mövcud qanunvericiliyimizin tələblərinə görə, (qarşılıqlı qaydada vizasız gediş-gəliş haqqında razılaşma olan ölkələrin vətəndaşlarından başqa, bütün digər) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəmizin ərazisinə etibarlı şəxsi pasportları əsasında və rəsmiləşdirilmiş icazə - viza əsasında gələ və ölkədən gedə bilərlər.

 

Bunun üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslər gəlişinin məqsədini və müddətini göstərməklə ərizə-anketlə olduqları xarici ölkədə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluğuna müraciət etməlidirlər. 

Vizasız (sadələşdirilmiş) gediş-gəliş rejimi tətbiq olunan ölkələrin siyahısını buradan əldə edə bilərsiniz.

 

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bir qayda olaraq, yalnız “Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 326 nömrəli 13 sentyabr 2010-cu il tarixli Fərmanında göstərilən hallarda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin müvafiq beynəlxalq hava limanlarında fəaliyyət göstərən viza şöbələrinə müraciət edə və viza əldə edə bilərlər:
 

  • Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin Heydər Əliyev Beynəlxalq Hava Limanındakı viza şöbəsi; 
  • Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin Gəncə Beynəlxalq Hava Limanındakı viza şöbəsi;
  • Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı idarəsinin Naxçıvan Beynəlxalq Hava Limanındakı viza şöbəsi.

 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları viza verilməsi haqqında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ərizələrinə müraciət daxil olunduğu gündən ən geci bir ay keçənədək baxırlar.

 

Əgər əcnəbi və vətəndaşlığı olmayan şəxsin ölkəmizə səfəri özünün təcili müalicəsi, yaxud Azərbaycan Respublikasında yaşayan qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlıdırsa, bu faktları təsdiq edən sənəd təqdim olunmalıdır və bu halda onların müraciətinə ən geci 48 saat keçənədək baxılır.

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti