17.01.2025-ci il tarixdə Azərbaycan tərəfinin təşəbbüsü ilə Acarıstan Muxtar Respublikası hökumətinin sədri Tornike Rijvadze ilə Baş konsul Fuad Əzizov arasında görüş keçirilmişdir.
17.01.2025-ci il tarixdə Azərbaycan tərəfinin təşəbbüsü ilə Acarıstan Muxtar Respublikası hökumətinin sədri Tornike Rijvadze ilə Baş konsul Fuad Əzizov arasında görüş keçirilmişdir. İlk öncə, T.Rijvadze Baş konsul vəzifəsinə təyin olunması ilə əlaqədar F.Əzizovu təbrik etmiş, ona gələcək fəaliyyətində uğurlar arzulamışdır. Daha sonra hökumətin sədri bir daha ötən ilin 25 dekabr tarixində “Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar həlak olan şəxslərin ailə üzvlərinə və yaxınlarına başsağlığını ifadə etmiş, xəsarət alanların tezliklə şəfa tapmasını diləmişdir. F.Əzizov da öz növbəsində səmimi qəbula görə qarşı tərəfə öz minnətdarlığını bildirmiş və təyinatının strateji tərəfdaş ölkənin – Gürcüstanın Batumi şəhərinə verilməsindən məmnun olduğunu vurğulamışdır. F.Əzizov həmçinin, 27.12.2024-cü il tarixdə Baş Konsulluğun inzibati binasını ziyarət edən və başsağlığı kitabında ürək sözlərini yazan hökumət sədrinin bu addımımı yüksək dəyərləndirmişdir. Daha sonra, həmsöhbətlər hazırda Bakıda keçirilən Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyanın 10-cu iclası, eləcə də bu xüsusda digər məsələlər barədə fikir mübadiləsi aparmışlar. Cənab Rijvadze, Gürcüstanın ölkəmizdəki səfirliyinin yeni binasının inşa edilməsi üçün ayrılmış ərazi barədə danışmış və qeyd etmişdir ki, hazırda Bakıda səfərdə olan Gürcüstanın baş naziri İrakli Kobaxidze yeni səfirlik binasının tikiləcəyi əraziyə baxış keçirmişdir. F.Əzizovun sözlərinə görə, Gürcüstan və Azərbaycan iki müstəqli dövlət kimi daim bir-birinin yanındadır, həmçinin, ölkə başçılarının dost olması faktı ölkələr arasında münasibətlərin daha da möhkəmlənməsinin göstəricisidir. Eləcədə görüş zamanı, Azərbaycan və Gürcüstan arasında dostluq münasibətlərinin əhəmiyyəti vurğulanmış, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğu, xalqlarımızın həmişə bir-birinin yanında yer aldığı bildirilmişdir. Söhbət zamanı, Naxçıvan və Batumi şəhərlərinin qardaşlaşmış şəhər olmaları barədə danışılmışdır. Gələcəkdə iki şəhər arasında dostluq və qardaşlıq əlaqələrin daha da inkişaf etdirilməsi məqsədi ilə qarşılıqlı səfərlərin təşkil olunması təklif olunmuşdur. Baş konsul məsələ ilə əlaqədar olaraq lazımi işlərin görüləcəyini və qarşılıqlı səfərlərin təşkil olunması istiqamətində zəruri addımların atılacağını söyləmişdir. Görüş zamanı, Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsinin artması qeyd edilmiş, hər iki ölkənin böyük potensialı nəzərə alınaraq, qarşılıqlı ticarətin daha da genişləndirilməsi üçün birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanmışdır. Bununla əlaqədar olaraq, F.Əzizov regionda həyata keçirilər layihələr barədə Baş Konsulluğun mütəmadi olaraq məlumatlandırılması xahiş etmişdir. Sonda səmimi qəbula görə Baş konsul Fuad Əzizov bir daha qarşı tərəfə öz minnətdarlığını bildirdi, eyni zamanda, ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın daha da artacağının əminliyini vurğulamışdır.
https://report.az/region-xeberleri/bas-konsul-azerbaycan-ve-gurcustan-liderlerinin-sexsi-dostlugu-ikiterefli-munasibetlerin-mohkemlenmesine-tohfe-verir/