26.12.2024-cü il tarixdə Azərbaycan tərəfinin təşəbbüsü ilə Acarıstan Muxtar Respublikasının Ali Şurasının sədri David Qabaidze ilə Baş konsul Fuad Əzizov arasında görüş keçirilmişdir
Ali Şuranın sədri David Qabaidze F.Əzizova onu ziyarət etdiyi üçün təşəkkürünü bildirmiş və ona gələcək fəaliyyətində uğurlar arzu etmişdir. D.Qabaidze Acarıstan Muxtar Respublikasının Ali Şurasının sədri vəzifəsində çalışdığı üçüncü dövrü ərzində ilk rəsmi görüşünün məhz F.Əzizovla olduğunu qeyd etmişdir. Bununla yanaşı cənab Qabaidze, Baş Konsulluğa daim dəstək oldunduğunu və bundan sonra da lazımi köməkliyin göstəriləcəyini vurğulamışdır.
Ali Şuranın sədri, dekabrın 25-də “Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar həlak olan şəxslərin ailə üzvlərinə və yaxınlarına başsağlığını ifadə etmiş, xəsarət alanların tezliklə şəfa tapmasını diləmişdir. Baş konsul, baş sağlığına, eyni zamanda, bu ağır gündə dərdimizə şərik olduğuna görə qarşı tərəfə minnətdarlığını bildirmiş, həmçinin Baş Konsulluğun inzibati binasında hadisə ilə əlaqədar baş sağlığı kitabının açıldığını qeyd etmişdir.
Daha sonra cənab Qabaidze Gürcüstan parlamentinin Gənclər, elm və təhsil məsələləri komitəsinin sədri Givi Mikanadzenin başçılıq etdiyi nümayəndə heyətinin Bakıda səfərdə olduğunu və Milli Məclisin sədri xanım Sahibə Qafarova və digər dövlət rəsmiləri ilə görüşəcəyi barədə məlumat vermişdir. O həmçinin qeyd etmişdir ki, iki ölkənin parlamentlərarası qruplarının yenilənmiş tərkibdə olduğunu nəzərə alaraq, 2025-ci il ərzində sözügedən dostluq qrupları arasında görüşlərin keçirilməsi məqsədəuyğun olardı. Söhbət zamanı müxtəlif sahələr üzrə inkişaf edən münasibətlər fonunda parlamentlərimiz arasında da əlaqələrin yüksək səviyyədə olmasının məmnunluğu ifadə olunmuşdur.
F.Əzizovun sözlərinə görə, Gürcüstan və Azərbaycan iki müstəqli dövlət kimi daim bir-birinin yanındadır, həmçinin, ölkə başçılarının dost olması faktı ölkələr arasında münasibətlərin daha da möhkəmlənməsinin göstəricisidir. Eləcədə görüş zamanı, Azərbaycan və Gürcüstan arasında dostluq münasibətlərinin əhəmiyyəti vurğulanmış, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğu, xalqlarımızın həmişə bir-birinin yanında yer aldığı bildirilmişdir.
Söhbət zamanı, Naxçıvan və Batumi şəhərlərinin qardaşlaşmış şəhər olmaları barədə danışılmışdır. Qarşı tərəf eyni zamanda, Batumi Şota Rustaveli Dövlət Universitetinində “Naxçıvan” və “Heydər Əliyev”-in adları verilmiş otaqların fəaliyyət göstərdiyi qeyd edilmişdir. Gələcəkdə iki şəhər arasında dostluq və qardaşlıq əlaqələrin daha da inkişaf etdirilməsi məqsədi ilə qarşılıqlı səfərlərin təşkil olunması təklif olunmuşdur. Baş konsul məsələ ilə əlaqədar olaraq lazımi işlərin görüləcəyini və qarşılıqlı səfərlərin təşkil olunması ilə bağlı zəruri addımların atılacağını nəzərə çatdırmışdır.
Fuad Əzizov, 2025-ci il ərzində ölkələrimiz arasında iqtisadi, logistika, turizm, mədəniyyət və təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində işlərin görüləcəyi barədə qarşı tərəfi məlumatlandırmışdır. Ali Şuranın sədri David Qabaidze isə öz növbəsində Batumi şəhərində il ərzində biznes forumların və sərgilərin keçirilməsinin mümkünlüyü barədə söhbət açmışdır.
Sonda səmimi qəbula görə Baş konsul Fuad Əzizov bir daha qarşı tərəfə öz minnətdarlığını bildirdi, eyni zamanda, ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın daha da artacağının əminliyini vurğuladı.