news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 15 iyun 2016

Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulu Rəşad İsmayılovun və Acarıstan MR-nin nümayəndə heyətinin Naxçıvana səfəri

Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Arçil Xabadze və onun rəhbərlik etdiyi nümayəndə heyəti hər iki tərəf arasındakı sıx əlaqələr və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dəvəti ilə 2016-cı ilin 11-14 iyun tarixlərində Naxçıvan Muxtar Respublikasına səfəri oldu. Səfər zamanı Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərindəki baş konsulu Rəşad İsmayılov nümayəndə heyətini müşayiət etdi.

Səfərin ilk günü Gürcüstanın Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Arçil Xabadze və onun başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan şəhərinin baş meydanında Azərbaycan xalqının ümummilli lideri, müstəqil dövlətimizin qurucusu və memarı Heydər Əliyevin əzəmətlə ucalan abidəsinin önünə güllər düzüb və dahi şəxsiyyətin xatirəsinə ehtiramlarını bildirdilər. Qonaqlar Heydər Əliyev Muzeyində oldular. Onlara ulu öndər Heydər Əliyevin zəngin ömür yolu, çoxcəhətli siyasi və dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlar barədə ətraflı məlumat verildi. Gürcüstanın Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Arçil Xabadze muzeyin xatirə kitabına ürək sözlərini yazdı.

Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Arçil Xabadzenin iştirakı ilə nümayəndə heyətləri arasında görüş oldu.

Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasında 2012-ci ildə əsası qoyulmuş mehriban dostluq və əməkdaşlıq əlaqələrinin bu gün uğurla davam etdirildiyini bildirdi, bu əlaqələrin davamı olaraq dəvəti qəbul edib Naxçıvan Muxtar Respublikasına səfərə gəldiyinə görə Acarıstan Muxtar Respublikası Hökumətinin sədrinə təşəkkür etdi.

Ali Məclisin Sədri demişdir ki, Naxçıvan Muxtar Respublikası ilə Acarıstan Muxtar Respublikası arasında əlaqələr hər iki tərəfin səyi ilə ilbəil genişlənir. Hazırda ticarət-iqtisadi, səhiyyə və təhsil sahəsində əlaqələr əməkdaşlığın böyük potensiala malik olduğunu göstərir. Hər iki muxtar respublikanın ali təhsil müəssisələri – Batumi Dövlət Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasındakı əlaqələr təhsil sahəsində əməkdaşlıq üçün yaxşı əsaslar yaratmışdır. Biz səhiyyə sahəsində əlaqələrə də böyük əhəmiyyət veririk. Acarıstanlı uşaqların müalicə üçün Naxçıvana gəlməsi hər iki tərəfdən yetişməkdə olan nəslin sağlam böyüməsinə göstərilən qayğının ifadəsidir. Biz bu il də qardaş acarıstanlı uşaqların müalicəsini davam etdirəcəyik. Dərinləşən əməkdaşlığımız birbaşa nəqliyyat əlaqəsinin yaradılmasını da zərurətə çevirmişdir. Yeni Naxçıvan-Batumi avtobus marşurutu açılmışdır. Bütün bunlar hər iki muxtar respublika arasında daha sıx əlaqələri təmin edəcəkdir. "Bizim əlaqələrimiz-qardaşlıq əlaqəsidir", - deyən Ali Məclisin Sədri vurğulamışdır ki, biz bundan sonra da Azərbaycan-Gürcüstan əlaqələrinin tərkib hissəsi kimi Naxçıvan-Acarıstan əlaqələrinin davamlı olmasına və digər sahələrdə də inkişaf etdirilməsinə səyimizi artıracağıq.

Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Arçil Xabadze Naxçıvan Muxtar Respublikasına səfərə dəvətə və göstərilən səmimi münasibətə görə Ali Məclisin Sədrinə minnətdarlıq etdi, Naxçıvanda olmaqdan məmnunluğunu bildirdi. Qonaq dedi ki, hər iki muxtar qurum arasında həyata keçirilən qarşılıqlı səfərlər, Naxçıvan və Batumi şəhərləri arasında əməkdaşlığa dair memorandumun imzalanması öz bəhrəsini vermiş, ötən dövrdə əlaqələr sürətlə inkişaf etmişdir. Bu gün Acarıstan və Naxçıvan muxtar respublikaları arasında əlverişli biznes və investisiya mühiti mövcuddur. Hazırda iqtisadi-ticarət, təhsil, səhiyyə və nəqliyyat sahəsində əlaqələr inkişaf etdirilir.

Naxçıvanın mövcud iqtisadi potensialının məmnunluq doğurduğunu vurğulayan Arçil Xabadze bundan sonra da ikitərəfli əlaqələrin inkişafı üçün səylərin göstəriləcəyini bildirdi.

Görüşdə qarşılıqlı əlaqələrin perspektivləri nəzərdən keçirildi, əməkdaşlığın daha da genişlənəcəyinə əminlik ifadə olundu, xatirə şəkli çəkdirildi.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti