news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 28 sentyabr 2021

Azərbaycanın Batumidəki Baş konsulluğunda 27 sentyabr- Anım Günü ilə əlaqədar tədbir keçirilib.

Sentyabrın 27-də Baş konsulluğun inzibati binası önündə Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra konsulluğun qarşısında şəhidlərin xatirəsinə həsr olunmuş fotostendlərə baxış olub. Stendlərdə “Qarabağ Azərbaycandır”, Xarıbülbül loqosu və şəhid olan hərbçilərimizin hər birinin rəsmi təsvir olunub.

Tədbirdə Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olan 2020-ci ilin 27 sentyabr tarixindən bir il ötdüyü xatırlanıb.

Bildirilib ki, sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk saatlarında ordumuzun uğurlu əks-hücumu və erməni işğalı altında olan yaşayış məntəqələrinin azad olunması, sonrakı günlərdə gələn qələbə xəbərləri xalqımızda böyük ruh yüksəkliyi yaradıb. Bu qələbələr canlarını Vətən yolunda fəda edən qəhrəman zabit, gizir və əsgərlərimizin misilsiz şücaəti sayəsində əldə olunub. Şəhidlərin qanları bahasına qazanılan 44 günlük Vətən müharibəsi ərzində Ordumuzun illərdir həsrətində olduğumuz torpaqlarımızı işğaldan azad etdiyi, bizlərə Qələbə sevincini yaşatdığı diqqətə çatdırılıb.

Vurğulanıb ki, Vətən müharibəsində, xalqımızın ordumuza olan dəstəyi, sevgisi, xalqla dövlətin sarsılmaz birliyini, gücünü bir daha sübut edib.

Vətən müharibəsində qazandığımız Qələbə təkcə ərazi bütövlüyümüzü, tarixi ədaləti bərpa etmədi, bu Zəfər Vətən həsrəti ilə yaşayan soydaşlarımızın qəlbində yenidən həyat işığı yandırdı, onlara doğma torpaqlara dönmək imkanını yaratdı. Müharibədən sonra işğaldan azad olunan ərazilərdə mina partlaması nəticəsində 2 media işçisi olmaqla, 20-dən çox insanın həlak olduğu da qeyd edilib.

Gün ərzində Batumi şəhərində yaşayan vətəndaşlarımız, eləcə də yerli sakinlər konsulluğun binası qarşısına gələrək, Vətən müharibəsində şəhid olan hərbçilərimizin xatirəsinə həsr edilmiş guşənin önünə gül dəstələri düzüb, şəhidlərin xatirəsinə dərin ehtiramlarını bildirib, xalqımızla həmrəylik nümayiş etdiriblər.

Tədbirdə iştirak edən Türkiyə Respublikasının Batumidəki baş konsulu da iştirakçıları salamlayıb, şəhidlərimizə Allahdan rəhmət diləyib və Azərbaycan torpaqlarının azad olunması münasibətilə təbrikini çatdırıb.

Şəhidlərimizin Anım Günündə İran İslam Respublikasının baş konsulu, SOCAR-ın Gürcüstan nümayəndəliyinin Batumi şəhərindəki əməkdaşları, Poti limanı Kulevi terminalının əməkdaşları, M.F.Axundov adına Gürcüstan-Azərbaycan xeyriyyə cəmiyyətinin və “Əli və Nino” adına Gürcüstan-Azərbaycan Sosial Mədəni İnkişaf Mərkəzinin üzvləri, Batumidə yaşayan vətəndaşlarımız, soydaşlarımız və yerli sakinlər iştirak ediblər

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti