Azərbaycanlı gənclər Batumidə “Musiqili gecə” adlı konsertdə çıxış ediblər
Acarıstan Muxtar Respublikasının Batumi Musiqi Mərkəzində məşhur gürcü bəstəkar və pianoçu Giuli Kublaşvilinin bəstələrindən ibarət “Musiqili gecə” adlı konsert keçirilib.
Azərbaycanın Batumidəki Baş konsulluğundan AZƏRTAC-a bildirilib ki, konsert proqramında Gürcüstanın müxtəlif regionlarından gənc musiqiçilər və müğənnilər, o cümlədən Azərbaycan diaspor təşkilatının gənc üzvləri çıxış ediblər.
Azərbaycanlı gənclərin bu tədbirdə iştirakının əsas məqsədi Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişafına xidmət və Azərbaycan musiqisini və rəqslərini təbliğ etməkdir. Musiqiçilərin ifa etdikləri mahnı və rəqslər alqışlarla qarşılanıb. Onların çıxışları zamanı səhnədə Azərbaycan və Gürcüstan bayraqları nümayiş olunub.
Konsertin təşkilat qrupu maddi dəstəyə görə Baş konsulluğa minnətdarlıq edib, bu addımı Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişafına dəstək kimi qiymətləndiriblər.