Batumi şəhərində Bakı-2015 ilk Avropa Oyunlarının açılışına həsr olunmuş tədbir keçirildi
Cari ilin 12 iyun tarixində Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərindəki Baş Konsulluğu tərəfindən Bakı-2015 ilk Avropa Oyunlarının açılışına həsr olunmuş təntənəli ziyafət verildi.
Tədbirdə Acarıstan Muxtar Respublikasının Ali Sovetinin Sədri Avtandil Beridze, Quriyanın Qubernatorunun müavini İoseb Erkomaişvili, Kobuleti şəhərinin meri Sulxan Yevgenidze, Ozurgeti şəhərinin Sakrebulosunun sədri Qela Kobaladze, Ozurqeti Bələdiyyəsinin sədri David Darçiya, Acarıstan MR Təhsil, Mədəniyyət və İdman Nazirinin birinci müavini Valeri Beradze, Batumidə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri və nümayəndələri, Acarıstan Muxtar Respublikasının hökumət aparatının və nazirliklərinin məsul işçiləri, Batumi Dövlət Universitetinin professor, müəllim və tələbə heyəti, Kulevi terminalının və “SOCAR-Georgia” şirkətinin nümayəndələri, muxtar respublikanın ziyalıları iştirak etdilər.
Tədbiri açan Baş Konsul Hüseyn Nəcəfov Avropa qitəsinin tarixində ilk dəfə Azərbaycanda keçirilən Bakı-2015 Avropa Oyunları barədə ətraflı məlumat verərək qeyd etdi ki, idman yarışlarının keçiriləcəyi 17 gün ərzində Avropanın bütün guşələrindən öz ölkələrini 6 mindən çox idmançı təmsil edəcəkdir. Baş Konsul sözügedən hadisənin tarixi əhəmiyyətini vurğuladı və onun dünya idman tarixində yeni səhifə açacağını söylədi. H.Nəcəfov Avropa Olimpiya Komitəsi tərəfindən ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsinə dair 2012-ci ildə qəbul olunmuş qərar barədə məlumat verərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 yanvar 2013-cü il tarixli Sərəncamı ilə Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi altında birinci Avropa Oyunlarının Bakıda keçirilməsindən məsul olan Təşkilat Komitəsi yaradıldı. Baş Konsul Avropa Oyunlarının Proqramına 20 idman növünün daxil olduğunu, onlardan 16-sının olimpiya, 4-ünün qeyri-olimpiya idman növləri olduğunu, həmçinin, Avropa Oyunları çərçivəsində paralimpiya cüdosu üzrə yarışların keçiriləcəyini bildirdi. Baş Konsul öz nitqində idmançılarımızın son Yay Olimpiya Oyunlarında uğurları barədə məlumat verərək qeyd etdi ki, bu Olimpiya Oyunlarında Azərbaycan komandası 30-cu yerə layiq görülmüş, Avropa ölkələri arasında isə 15-ci yerə yüksəlmişdir. Eləcə də, yeniyetmələrin 2014-cü il Olimpiya Oyunlarında ölkəmizin təmsilçiləri 10-cu yeri tutmuşlar ki, bu da tarixi nailiyyətdir. H.Nəcəfov Bakı-2015 I Avropa Oyunlarının rəsmi talismanları olan Ceyran və Nar barədə məlumat verərək onların Azərbaycanın əsrarəngiz təbiətinin və zəngin mədəni irsinin rəmzləri olduğunu, eyni zamanda ölkənin böyük keçmişini və parlaq gələcəyini əks etdirdiyini diqqətə çatdırdı.
Acarıstan Muxtar Respublikası Ali Sovetinin sədri Avtandil Beridze çıxış edərək Azərbaycan dövlətini və xalqını ilk Avropa Oyunlarının keçirilməsi münasibətilə təbrik etdi, Azərbaycan və gürcü idmançılarına uğurlar arzuladı. A.Beridze qeyd etdi ki, bu tədbir əhəmiyyətli idman bayramıdır və bu hadisəni bizim dövlətlə böyük sevinclə bölüşür.
Daha sonra tədbir iştirakçıları Bakıda ilk Avropa Oyunlarının açılış mərasiminə tamaşa etdilər.