Batumi şəhərində Həmrəylik Günü və Azərbaycan Respublikasının Baş Konsulluğunun açılışı münasibətilə mərasimi keçirilib
29 dekabr 2010-cu il Azərbaycanlılarının Həmrəylik Günü və Batumi şəhərində Azərbaycan Respublikası Baş Konsulluğunun açılması münasibətilə Batumidəki “Sheraton” mehmanxanasında təntənəli mərasim keçirilib. Mərasimdə Acarıstan Muxtar Respublikasının hökumətinin sədri Levan Varşalomidze, Acarıstan Muxtar Respublikası Ali Sovetinin sədri Mixail Maxaradze, maliyyə və iqtisadiyyat naziri Vaja Bolkvadze, Batumidə akkreditə olunmuş diplomatik nümayəndəliklərin başçıları, Batumi Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələri, kütləvi informasiya vasitələrinin nümayəndələri, Acarıstanın ziyalıları və Muxtar Respublikasında yaşayan Azərbaycan və digər icmalarının nümayəndələri iştirak etmişlər.
Mərasim iştirakçılarına açılış sözü ilə müraciət edən Azərbaycanın Batumidəki Baş konsulu Hüseyn Nəcəfov Dünya Azərbaycanlıları Həmrəylik gününün ilk dəfə 16 dekabr 1991-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən elan edildiyini vurğulayıb. H.Nəcəfov həmin dövürdə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olduğunu qeyd etmişdir. 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra Heydər Əliyev öz sərəncamı ilə 31 dekabr tarixini Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi elan etmişdir. Öz çıxışında Baş Konsul Dünya Azərbaycanlılarının Həmrəylik gününün əsas məqsədinin özündə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin həmvətənlərinə etdiyi müraciəti cəmləyir – bu “ dünya azərbaycanlılarının birlik və həmrəyliyi, Azərbaycan dövlətçiliyi, xalqımızın milli mənəvi dəyərlərinə qoyulan hörmət, ideya və hissləri, Azərbaycan xalqının vətənə sədaqətini nümayiş etdirir”. Çıxışın sonunda H.Nəcəfov Azərbaycanın Baş Konsulluğunun Batumi şəhərinin mərkəzində, “Avropa” meydanına gözəl mənzərəsi olan binada yerləşdiyini bildirib və Baş Konsulluğun qapılarının Azərbaycanın dostlarının üzünə hər zaman açıq olduğunu qeyd edib.
Acarıstan Muxtar Respublikasının hökumətinin sədri Levan Varşalomidze öz çıxışında Azərbaycan xalqını Həmrəylik günü münasibətilə təbrik edib. Həmçinin hökumət başçısı Batumidə Azərbaycanın Baş Konsulluğunun açılması münasibətilə təbrik edib və bunun tarixi hədisə olduğunu vurğulayıb. Bildirib ki, 1918-1920-ci illərdə Batumi şəhərində Azərbaycanın nümayəndəliyi fəalyyət göstərirdi. O, Baş Konsulluğa lazımi hər cür kömək göstəriləcəyini qeyd edib.