Batumi şəhərində Müstəqillik Günü münasibətilə keçirilmiş tədbir
Cari ilin 16 oktyabr tarixində Batumi şəhərində “M.F.Axundov adına Gürcüstan-Azərbaycan Xeyriyyə Cəmiyyəti”nin təşkilatçılığı ilə Müstəqillik Gününə həsr olunmuş mərasim keçirildi.
Tədbirdə Acarıstan Muxtar Respublikasının Ali Sovetinin Sədri Avtandil Beridze, Batumi şəhərinin meri Qiorqi Ermakov, Türkiyə Respublikasının Baş Konsulu Yasin Temizkan, İran İslam Respublikasının Baş Konsulu Hossein Maşhadi, “AcaraTV”nin baş redaktoru Soso Sturua, Acarıstan Muxtar Respublikasının hökumət aparatının və nazirliklərinin, Batumi meriyasının məsul işçiləri, Kulevi terminalının və “SOCAR-Georgia” şirkətinin rəhbərləri və əməkdaşları, muxtar respublikanın ziyalıları və Azərbaycan icmasının üzvləri iştirak etdilər.
Tədbirdə Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirildikdən sonra Baş Konsul Rəşad İsmayılov, “M.F.Axundov adına Gürcüstan-Azərbaycan Xeyriyyə Cəmiyyəti”nin prezidenti Vidadi Axundov, Acarıstan MR Ali Sovetinin sədri Avtandil Beridze, Batuminin meri Qiorqi Yermakov çıxış edərək müstəqillik gününün tarixçəsi, Azərbaycanın beynəlxalq aləmdə nailiyyətləri, Azərbaycan-Gürcüstan arasında hərtərəfli münasibətlərin inkişafı barədə öz fikirlərini bölüşdülər.
Batumidə keçirilmiş tədbir “Ajara TV” telekanalında nümayiş olundu.