news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 01 fevral 2017

Fevralın 1-də Gürcüstanın Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Zurab Pataradzenin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfərə gəlib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Zurab Pataradze arasında görüş olub.

Ali Məclisin Sədri Zurab Pataradzeni Naxçıvan Muxtar Respublikasında səmimiyyətlə salamlayıb. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasında əlaqələrin əsasının 2012-ci ildə qoyulduğunu bildirən Ali Məclisin Sədri bu əlaqələrin davamı olaraq dəvətini qəbul edib Naxçıvan Muxtar Respublikasına səfərə gəldiyinə görə Acarıstan Muxtar Respublikası Hökumətinin sədrinə təşəkkürünü bildirərək deyib: Naxçıvan Muxtar Respublikası ilə Acarıstan Muxtar Respublikası arasında əlaqələr mehriban dostluğa və qardaşlığa əsaslanır. Qarşılıqlı səfərlər nəticəsində ticarət-iqtisadi, səhiyyə və təhsil sahəsində əlaqələr yaradılmışdır. Bu gün Batumi Dövlət Universiteti ilə Naxçıvan Dövlət Universiteti səmərəli əməkdaşlığa malikdir. Səhiyyə sahəsində də əlaqələrimizin böyük potensialı vardır. Acarıstanlı uşaqların müalicə üçün Naxçıvana gətirilməsi qarşılıqlı xoş məramın ifadəsidir. Əlaqələrimizin genişləndirilməsi üçün imkanlar böyükdür. Bu imkanların nəticəsidir ki, nəqliyyat sahəsində də əlaqələr yaradılmış, birbaşa Naxçıvan-Batumi avtobus marşrutu açılmışdır. Bu marşrutun işə düşməsi iki dost muxtar respublika arasında əlaqələri daha da möhkəmləndirəcəkdir.

Ali Məclisin Sədri bir daha Zurab Pataradzeni Naxçıvan Muxtar Respublikasında görməkdən məmnunluğunu bildirib, Acarıstan Muxtar Respublikası hökumətinin Sədri seçilməsi münasibəti ilə təbriklərini çatdırıb, məsuliyyətli vəzifədə uğurlar arzulayıb.

Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Zurab Pataradze Naxçıvan Muxtar Respublikasına səfərə dəvətə görə Ali Məclisin Sədrinə minnətdarlıq edib, ilk xarici səfərlərindən birini onlar üçün doğma olan Naxçıvana etməkdən məmnunluğunu bildirib. Qonaq deyib ki, ölkələrimiz arasındakı əlaqələr müxtəlif sahələrdə inkişaf edir. Bu gün Acarıstan Muxtar Respublikası ilə Naxçıvan Muxtar Respublikasını işgüzar münasibətlər və dostluq əlaqələri birləşdirir. Qarşılıqlı səfərlər əlaqələrin inkişafına töhfə verir, iqtisadi-ticarət, nəqliyyat və digər sahələrdə əməkdaşlıq möhkəmlənir.

Görüşdə bundan sonra da ikitərəfli əlaqələrin inkişafı üçün səylərin göstəriləcəyinə əminlik ifadə olunub.

Azərbaycan Respublikasının Batumidəki Baş konsulu Rəşad İsmayılov görüşdə iştirak edib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti