Gürcüstanda 1989-cu il 9 Aprel hadisələrinin 36-ci ildönümü qeyd olunur.
Gürcüstanda 1989-cu il 9 Aprel hadisələrinin 36-ci ildönümü qeyd olunur. Acarıstan Muxtar Respublikasının hökumət rəsmiləri, gürcü xalqı, eləcə də bu ölkədə yaşayan azərbaycanlılar Batumi şəhərindəki Ədliyyə Evinin binası önündə 9 Aprel qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edirlər.
Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu Fuad Əzizov, Baş Konsulluğun əməkdaşları 9 Aprel qurbanlarının xatirəsini anıb, Şartava prospektindəki abidə önünə əklil qoyub, gül dəstələri düzüblər.
Qeyd edək ki, 1989-cu il aprelin 9-da sovet ordusu Tbilisidə Gürcüstanın müstəqilliyi tələbi ilə keçirilən dinc nümayişi tanklardan və zəhərləyici qazlardan istifadə etməklə qəddarcasına dağıdıb. Nəticədə 21 nəfər həlak olub, yüzlərlə insan yaralanıb, 3500 nəfər kimyəvi qazdan zəhərlənib.
Gürcüstanda 9 Aprel tarixi Milli Birlik Günü, həmçinin müstəqillik uğrunda həlak olanların xatirə günü kimi qeyd edilir. Faciə qurbanlarının xatirəsi ənənəvi olaraq Şartava prospektində, Batumi şəhərindəki Ədliyyə Evinin binası qarşısındakı memorial abidə önündə anılır.