news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 05 may 2026

Gürcüstanda yaşayan Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə Gürcüstanda yaşayan Azərbaycan Respublikası vətəndaşlarına 5,6,7 iyun tarixlərində göstəriləcək Səyyar ASAN xidmətinə dair.

 

Gürcüstanda yaşayan Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə

 

Səyyar ASAN xidmət  vasitəsilə 5, 6 və 7 iyun 2026-cı il tarixlərində Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi və məhkumluq barədə arayışların verilməsi ilə bağlı xidmətlər həyata keçiriləcək.

 

Müraciət Elektron Növbə Portalından (appointment.mfa.gov.az/az) növbə götürməklə həyata keçiriləcəkdir.

 

Xidmətlər üzrə tələb olunan sənədlərin siyahısı aşağıda paylaşılmışdır. Hər hansı sənəd çatışmadığı təqdirdə xidmətdən yararlanmaq mümkün olmayacaqdır.

 

VACİB QEYD: Növbə götürmək üçün appointment.mfa.gov.az/az internet səhifəsinə daxil olaraq Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyini seçərək 5, 6 və 7 iyun tarixlərində şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi və məhkumluq barədə arayışların verilməsi xidmətlərini seçməyiniz tələb olunur. Növbə götürdüyünüz vaxtdan 15 dəqiqə öncə Səfirlikdə olmağınız xahiş olunur.

 

Səfirliyin ünvanı: Tbilisi şəhəri, Vaxtanq Qorqasali küçəsi 4

 

Gürcüstanın Tbilisi şəhərində yaşayan Azərbaycan Respublikası vətəndaşlarına göstəriləcək Səyyar ASAN xidmətə dair

Məlumat

1. Şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi

Şəxsiyyət vəsiqəsi yalnız yaşa görə dəyişdirildikdə: (digər məlumat dəyişikliyi olmayacaqsa) şəxsiyyət vəsiqəsi ilə müraciət edilir. Şəxsiyyət vəsiqəsi itirilmiş olarsa, heç bir sənəd təqdim edilmədən müraciət edilir. Şəkil yerində xüsusi aparatla ödənişsiz çəkilir. 15 yaşdan yuxarı vətəndaşlardan əl-barmaq izləri götürülür.

 

15 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsinə görə: 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə - 5 manat;

İtirilmə və korlanması halında:

10 iş günü müddətində verildikdə - 30 manat.

Əlavə olaraq 40 qəpik xidmət haqqı üçün bank ödənişi edilir. Məcburi köçkünlər məcburi köçkün olması ilə bağlı müvafiq sənəd və ya “mygov” portalından çıxarış təqdim etdiyi halda, dövlət rüsumu ödəmirlər.  

Şəxsiyyət vəsiqəsi ailə vəziyyəti və ya hərbi vəzifə ilə bağlı dəyişdirildikdə:

Şəxsiyyət vəsiqəsi (şəxsiyyət vəsiqəsi itirilmiş olarsa, həmin sənəd olmadan müraciət edilir);

Nikaha daxil olubsa, nikah haqqında şəhadətnamə (Gürcüstandan əldə olunubsa, apostil, tərcümə, notarial təsdiq olunmuş formada və sənəd Ədliyyə Nazirliyinin elektron bazasında inteqrasiya olunmalıdır);

Nikah pozulubsa, nikahın pozulması haqqında şəhadətnamə (Gürcüstandan əldə olunubsa, apostil, tərcümə, notarial təsdiq olunmuş formada sənəd Ədliyyə Nazirliyinin elektron bazasında inteqrasiya olunmalıdır);  

Nikahda olduğu şəxs ölübsə, həm nikah, həm də ölüm haqqında şəhadətnamə təqdim edilir. (Gürcüstandan əldə olunubsa, apostil, tərcümə, notarial təsdiq olunmuş formada sənəd Ədliyyə Nazirliyinin elektron bazasında inteqrasiya olunmalıdır);

Şəxsiyyət vəsiqəsində hərbi mükəlləfiyyətli qeydi yoxdursa, hərbi bilet də təqdim edilir. 50 yaşa kimi kişi vətəndaşların şəxsiyyət vəsiqələrində həmin məlumat qeyd edilir;

Şəkil yerində və xüsusi aparatla ödənişsiz çəkilir.

Şəxsiyyət vəsiqəsi estetik əməliyyat və ya qan qrupu, boyun ölçüsü, gözün rəngi ilə əlaqədar dəyişdirildikdə:

Yeni nümunəli vəsiqə varsa, estetik əməliyyat olunduğu halda, görünüşdə dəyişiklik olduğu halda əsas olmadan vəsiqə dəyişdirilə bilər (epikriz tələb olunur);

Yeni nümunəli vəsiqə olduqda qan qrupu, gözün rəngi barədə tibbi arayış təqdim edildiyində çipdə məlumat dəyişikliyi edilmir (boyla bağlı məlumat çipdə dəyişdirilə bilər). Ödəniş edilir və vəsiqə dəyişdirilir;

Şəkil yerində xüsusi aparatla və ödənişsiz çəkilir.

Qeydiyyat ünvanının dəyişdirilməsi (yalnız qadınlar və yaşı 50-dən yuxarı olan hərbi mükəlləfiyyəti olmayan kişilər üçün):

Sənəd: Qeydiyyata düşəcəyi ünvanın mülkiyyət hüququnu təsdiq edən sənəd (order, qeydiyyat vəsiqəsi və ya çıxarış);

QEYD 1: Çıxarış elektron formada verilibsə, surəti təqdim olunmalıdır.

QEYD 2: Çıxarış azyaşlının adına olarsa, hər iki valideynin notarial qaydada razılığı, uşağın doğum haqqında şəhadətnaməsi və olduğu halda uşağın şəxsiyyət vəsiqəsi təqdim edilir. Valideynin biri ölmüş olarsa və ya tək ana olarsa bu halda ölüm haqqında şəhadətnamə və ya Forma 4 (tək ana olmağı ilə bağlı sənəd) təqdim edilir. Ev sahibinin razılığı;

Ev sahibi prosesdə iştirak edə biləcəyi halda şəxsiyyət vəsiqəsini təqdim etməklə (və ya “mygov” portalından çıxarış) razılığı yerində yaza bilər. İştirak edə bilmədiyi halda isə notarial qaydada razılıq verməlidir;

Qeydiyyata düşən şəxs özünün şəxsiyyət vəsiqəsini təqdim edir. Şəxsiyyət vəsiqəsi itirildiyində vəsiqə olmadan müraciət edilir.

14 yaşa qədər uşaqlar valideynlərdən birinin qeydiyyatına alına bilər. 14-18 yaşlı uşaqlar (yalnız qızlar) qeydiyyatını dəyişdikdə valideynlərdən biri iştirak etməlidir.  

Küçə adı dəyişdiyində şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi:

Ünvanda küçə adı və ya rəqəm dəyişdirilməsi ilə bağlı məlumatlar Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Daxili İşlər Nazirliyinin elektron bazasına inteqrasiya olunduqda vətəndaş yalnız şəxsiyyət vəsiqəsini təqdim edərək məlumat dəyişikliyi edə bilər. Bu halda vətəndaşın şəxsiyyət vəsiqəsi dəyişdirildiyi üçün dövlət rüsumu da ödəniləcəkdir.

14 yaşa kimi uşaqlara şəxsiyyət vəsiqəsinin verilməsi:

Valideynin şəxsiyyət vəsiqəsi və ya “mygov” portalından çıxarış;

Uşaq hansı valideynin qeydiyyatda olduğu ünvana qeydiyyata alınacaqsa, həmin valideyn iştirak etməlidir; Azyaşlının doğum haqqında şəhadətnaməsi (Azərbaycan Respublikasından və ya müvafiq olaraq Azərbaycan Respublikasının digər ölkələrdə fəaliyyət göstərən səfirlik və ya konsulluqlarından əldə olunan);

Azyaşlının qan qrupu barədə tibbi arayış və ya Azərbaycan Respublikasının müvafiq poliklinikalarından verilmiş, üzərində qan qrupu qeyd olunan elektron kart;

Azyaşlının iştirakı mütləqdir. Fotoşəkli yerində xüsusi aparatla ödənişsiz çəkiləcəkdir.

15 yaşına çatmamış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsinə və ya dəyişdirilməsinə görə:  

10 gün müddətində verildikdə və ya dəyişdirildikdə - 5 manat.

Atası məcburi köçkün olan azyaşlılar dövlət rüsumundan azaddırlar. Bu halda əlavə olaraq, valideynin məcburi köçkün vəsiqəsi hər hansı ilin möhürü ilə, məcburi köçkün vəsiqəsi olmadıqda, müvəqqəti qeydiyyatda olduğu rayon üzrə İcra Hakimiyyətinin müvafiq şöbəsindən arayış və ya “mygov” portalından çıxarış təqdim edir. Azyaşlılarda şəxsiyyət vəsiqəsi 0-5 yaşa, 5-15 yaşa kimi verilir.

14 yaşa kimi azyaşlının şəxsiyyət vəsiqəsi itirildiyi halda:

Sənəd: Valideynin şəxsiyyət vəsiqəsi;

Azyaşlının iştirakı mütləqdir. Fotoşəkli yerində xüsusi aparatla ödənişsiz çəkiləcək;

Azyaşlının məlumatlarında dəyişiklik olarsa (ad, soyad, və s.) doğum haqqında şəhadətnaməsi;

İtirilmə və korlanma halında:  

10 iş günü müddətində verildikdə - 30 manat.

Əlavə olaraq 40 qəpik xidmət haqqı üçün bank ödənişi edilir.

Şəkilsiz (köhnə nümunəli) şəxsiyyət vəsiqəsi itirilibsə, bu halda ilkin biometrik vəsiqənin əldə olunmasına dair 30 manat ödəniş olunacaq. Azyaşlılarda şəxsiyyət vəsiqəsi 0-5 yaşa, 5-15 yaşa kimi verilir. 15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsi üçün vətəndaşın əl-barmaq izləri götürülmür.

2. Sürücülük vəsiqələrinin dəyişdirilməsi

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;

Sürücülük vəsiqəsi (yalnız Azərbaycan Respublikasından əldə olunan);

Qanunla müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi barədə sənəd (sürücülük vəsiqəsinin yazılarında dəqiqsizlik müəyyən edilməsi halı istisna olmaqla);

60 və daha çox yaşı olan şəxslər üçün, eləcə də siyahısı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün tibbi arayış - forma 83 (yalnız Azərbaycan Respublikasından əldə olunmalıdır);

Dövlət rüsumu - 30 manat;

Vətəndaşın yol hərəkəti qaydalarının pozulması ilə bağlı sistem üzrə cəriməsi olarsa, əvvəl cərimə ödənilməli, sonra dövlət rüsumu ödəniməlidir.

3. Məhkumluq barədə arayışların verilməsi

Şəxsiyyəti təsdiq edən sənəd;

Şəxsin özünün iştirakı mümkün olmadıqda etibarnamə (Gürcüstandan əldə olunubsa, apostil, tərcümə, notarial təsdiq olunmuş formada).

Məhkumluq barədə arayışın verilməsi ödənişsizdir. 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti