news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 25 may 2022

Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğunun təşkilatçılığı və dəstəyi ilə “Şeraton Batumi” mehmanxanasında  Ulu öndər H.Əliyevin anadan olmasının 99-cu ildönümü və 28 May-Müstəqillik Günü münasibətilə rəsmi tədbir keçirilmişdir.

Tədbirdə Acarıstan Muxtar Respublikası Hökumətinin maliyyə və iqtisadiyyat naziri Jaba Putkaradze, Təhsil nazir Maiya Xajiaşvili, Səhiyyə naziri Nino Nijaradze, Ali Məclisin deputatı İliya Vercadze, Kənd Təsərrüfatı nazirinin müavini İrma Apxazava, Batumi şəhər meri Arçil Çokovani, Türkiyə və İranın baş konsulları, Acarıstan MR-in Turizm şöbəsinin rəhbəri Tinatin Zoidze, Kulevi QDT-ın rəhbəri və əməkdaşları, SOCAR-ın Acarıstan nümayəndəliyinin rəhbəri, M.F.Axundov adına Gürcüstan-Azərbaycan Xeyriyyə Cəmiyyətinin və “Əli və Nino” adına Gürcüstan-Azərbaycan Sosial Mədəni İnkişaf Mərkəzinin üzvləri, Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri, Batumidə yaşayan soydaşlarımız və KİV nümayəndələri iştirak etmişlər. İlk öncə Batumi Dövlət Vokal Ansamblının canlı ifasında iki ölkənin dövlət himnləri səslənmişdir.

Baş konsul Pərviz İsmayılzadə çıxış edərək müasir Azərbaycan Respublikasının 1918-ci ilin may ayından 1920-ci ilin aprel ayınadək mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğunu, məhz həmin dövrdə Azərbaycan xalqının müstəqilliyinin, azadlığının, suverenliyinin bərpa edildiyini bildirmişdir. 1918-ci il mayın 28-də Tbilisidə Müsəlman Şərqində ilk demokratik respublikanın yaradılması ilə bağlı Müstəqillik Bəyannaməsi qəbul edildiyini və Azərbaycan Xalq Cümhuriyyətinin özünün parlamenti, hökuməti, ordusu, milli pul vahidi və digər dövlətçilik atributları mövcud olduğu diqqətə çatdırılmışdır.

P.İsmayılzadə qeyd etmişdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104 illiyini qeyd edirik. Azərbaycan Xalq Cümhuriyyəti Avropanın əksər ölkələrini qabaqlayaraq ilk dəfə müsəlman Şərqində qadınlara seçki hüququ verib. Cümhuriyyət həm də milli dövlətçilik ənənələrinin bərpasında müstəsna rol oynayıb. Mövcud olduğu 23 ay ərzində Azərbaycan Xalq Cümhuriyyəti çox böyük işlər görüb. 1920-ci ilin aprel ayındakı işğala qədər Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi dünyanın 26 dövləti tərəfindən tanınmış və onlardan 19-u ilə diplomatik münasibətlər qurulmuşdu.

Baş konsul bu il Azərbaycan və Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünün tamam olması barədə geniş məlumat vermiş və Azərbaycan Respublikası ilə Gürcüstan arasında Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə, Azərbaycan Respublikası və Gürcüstanın Birgə Bəyannaməsi, ölkələrimiz arasında  ikitərəfli və çoxtərəfli 100-dən çox sənəd imzalandığını bildirmişdir.

Bu gün ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasət onun layiqli davamçısı Prezident İlham Əliyev uğurla davam etdirir və ölkəmiz iqtisadi cəhətdən gündən-günə qüdrətlənir, inkişaf edir. Prezident İlham Əliyevə onun ən yaxın silahdaşı olan Birinci vitse-prezident Mehriban Əliyeva yaxından kömək göstərir. Bu gün Azərbaycanda həyata keçirilən uğurlu islahatlar ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin məntiqi davamıdır.

Baş konsul, Ulu öndər Heydər Əliyevin siyasətini davam etdirən Prezident İlham Əliyevin gərgin və səmərəli fəaliyyəti nəticəsində Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirərək, Azərbaycan Müzəffər Ordusu rəşadət, qəhrəmanlıq, peşəkarlıq göstərərək öz gücü ilə torpaqlarını işğaldan azad etdiyini qeyd etmişdir.

P.İsmayılzadə, iki tərəfdaş ölkə olan Azərbaycan ilə Gürcüstanın əsrlərboyu dostluq və qardaşlıq münasibətlərində yaşadığını, bir-birinə yaxından kömək göstərdiyini, sevincli və kədərli anlarında həmişə bir-birinə dəstək olduğunu vurğulamışdır.

Gürcüstan və Azərbaycan arasında azad ticarət zonası yaradılmış və Azərbaycan Gürcüstanın əsas iri ticari-iqtisadi tərəfdaşıdır. Azərbaycan şirkətləri Gürcüstana böyük investisiyalar yatırmışdır. Gürcüstan iqtisadiyyatına yatırılan Azərbaycan investisiyanın həcmi 1,2 milyard dollar təşkil edir və SOCAR-ın fəaliyyəti sayəsində Gürcüstanda qazlaşdırma səviyyəsi 90 faizə çatdırılmışdır. Gürcüstan üzrə 108 “SOCAR”-ın yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir ki, bunlardan 10 yanacaqdoldurma məntəqəsi Acarıstan ərazisindədir. Acarıstan Muxtar Respublikasında fəaliyyət göstərən “SOCAR Energy Georgia” şirkəti tərəfindən Batumi və Kobuleti şəhərləri, Xalvaçaur və digər regionların qazla təmin olması 110 mindən çox abunəçiyə xidmət göstərir.

Eyni zamanda Gürcüstan iqtisadiyyatına yatırılan investisiyalar sırasında Acarıstan ərazisində fəaliyyət göstərən “Qara Dəniz Neft” Kulevi terminalı neft məhsullarının Xəzəryanı ölkələrdən Avropa ölkələrə çatdırılmasında xüsusi rol oynayır.

Tədbirdə rəsmi qonaq qismində çıxış edən, Acarıstan MR-in Hökumətinin maliyyə və iqtisadiyyat naziri Jaba Putkaradze Müstəqillik Günü və Ulu Öndərin anadan olmasının 99-cu ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edib. O, müstəqillik gününün bütün ölkələr üçün vacib bayram olduğunu və böyük məmnuniyyətlə bu bayramı Azərbaycan xalqı ilə bölüşdüyünü qeyd edib. Müstəqillik illəri göstərdi ki, Gürcüstan və Azərbaycanın qarşılıqlı dəstəyə ehtiyacları var, çünki mövcud olan mürəkkəb siyasi və iqtisadi şəraitdə ancaq qarşılıqlı yardım və əməkdaşlıq vasitəsilə çətinliklərin aradan qaldırılması mümkün olmuşdur. Gürcüstan və Azərbaycan arasında mövcud olan strateji əməkdaşlıq çoxəsrlik tarixi dostluq və qonşuluq əlaqələri əsasında qurulub.

J.Putkaradze qeyd edib ki, Acarıstan turizm, biznes və humanitar əlaqələr sahəsində Gürcüstan-Azərbaycan münasibətlərinin möhkəmlənməsində fəal rol oynayır.

Tədbirdə Türkiyə Respublikasının Batumi şəhərindəki Baş konsulu çıxış edərək, Ulu öndər H.Əliyevin anadan olmasının 99-cu ildönümü və 28 May-Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına və tədbir iştirakçılarına təbriklərini çatdırmışdır.

Rəsmi çıxışlardan sonra Ulu öndər Heydər Əliyev və Eduard Şeverdnadzenin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.

 Tədbir Baş Konsulluğun nəzdində fəaliyyət göstərən “Bazar Günü” məktəbinin şagirdlərinin çıxışları ilə davam etmişdir. Belə ki, şagirdlər Ulu öndər Heydər Əliyevə və 28 may-Müstəqillik Gününə həsr edilmiş şerlər oxumuşlar, Fəxr edirəm ki, Azərbaycanlıyam mahnısını ifa etmişlər və dünyaya öz sülh mesajlarını tədbirdə sərgilənən boya ilə çəkdikləri şəkillər ilə çatdırmışlar 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti