İlham Əliyev Gürcüstanın Baş nazirini qəbul edib
Prezident İlham Əliyev ölkəmizdə səfərdə olan Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.
Qonağı salamlayan Prezident İlham ƏLİYEV dedi:
-Xoş gəlmisiniz. Sizi görməyə şadam. Siz Azərbaycanda tez-tez olmusunuz. İndi Baş nazir kimi səfər edirsiniz. Mən çox şadam. Əminəm ki, bu səfər gələcəkdə münasibətlərimizin möhkəmlənməsinə xidmət edəcək. Münasibətlərimiz tarixə, qardaşlığa, xalqlarımızın yaxın qonşuluğuna əsaslanır.
Bu gün biz bütün sahələr üzrə - siyasi sahədə, iqtisadi sahədə fəal dialoq aparırıq. Bizi uğurla inkişaf edən, ölkələrimizə və xalqlarımıza fayda gətirən həm nəqliyyat, həm də energetika sahələrində layihələr birləşdirir. Biz ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından çox məmnunuq. Əminəm ki, Sizin səfəriniz gələcək əlaqələrimizin dərinləşməsinə, möhkəmlənməsinə xidmət edəcək. Bizi tarix, coğrafiya, maraqların üst-üstə düşməsi və mənim artıq qeyd etdiyim kimi, iri transmilli energetika, nəqliyyat layihələri birləşdirir. Bu layihələrin reallaşmasından, uğurlu fəaliyyətindən ölkələrimizin və xalqlarımızın rifahı, həm də regionumuzdakı sabitlik asılıdır. Bir daha xoş gəlmisiniz.
x x x
Gürcüstanın Baş naziri Giorgi KVİRİKAŞVİLİ dedi:
-Çox sağ olun cənab Prezident. Sizi görməyimə çox şadam. Mən həqiqətən qardaş ölkədə olmaqdan çox şadam. Xalqlarımızı çoxəsrlik dostluq bağlayır. Biz həqiqətən də strateji xarakter daşıyan münasibətlərimizin gələcək inkişafını hərtərəfli dəstəkləyirik. Sizin artıq qeyd etdiyiniz kimi, bizi xalqlarımızın rifahının yaxşılaşdırılması üçün vacib olan və xalqlarımız arasında gələcək dostluğun möhkəmləndirilməsinə xidmət edən dostluq, strateji, regional, qlobal xarakterli layihələr bağlayır. Çox sağ olun.
x x x
Görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin adından Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilinin şərəfinə işçi nahar verilib.