news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 25 fevral 2016

“Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” kitabı gürcü dilinə tərcümə olunub

SOCAR-ın Gürcüstan nümayəndəliyinin Batumi şəhərindəki ofisində gürcü dilinə tərcümə olunmuş “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” kitabının təqdimat mərasimi keçirilib.

Azərbaycanın Batumidəki baş konsulluğunun təşkil etdiyi mərasimdə konsulluğun və SOCAR-ın əməkdaşları, Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri, elm xadimləri iştirak ediblər.

Baş konsul Rəşad İsmayılov bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində nəşr olunan “Müharibə cinayətinin Xocalı şahidi: Ermənistan müttəhim kürsüsündə” kitabı ilk dəfə 2014-cü ildə ingilis dilində Londonda işıq üzü görüb. Sonra rus və fransız dillərinə tərcümə olunan bu kitabda Xocalı faciəsi ilə bağlı Qərb və Rusiya mətbuatında dərc olunmuş məqalələr, fotoşəkillər və digər çoxsaylı araşdırma materialları toplanıb. Baş konsulluğun təşəbbüsü ilə gürcü dilinə tərcümə olunan bu kitab Gürcüstan ictimaiyyətinin ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklər barədə məlumat almalarında mühüm vasitə olacaq.

Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət barədə məlumat verən diplomat deyib ki, dövlətimizin başçısının səyi nəticəsində torpaqlarımız tezliklə işğaldan azad olunacaq, cinayətkarlar layiqli cəzalarını alacaqlar.

Kitabın gürcü dilinə tərcüməçisi, tarix elmləri doktoru Quram Marxuliya deyib ki, uzun illər Azərbaycan və gürcü xalqlarına qarşı ərazi iddiası ilə çıxış edən ermənilər öz çirkin niyyətlərinə çatmaq üçün ən ağır vasitələrə əl atıblar. Hələ sovetlər dövründən də qabaq başlamış bu iddialar barədə yazılı məlumatlar yalnız arxivlərdə olduğu üçün geniş ictimaiyyətin bundan xəbəri yoxdur. Ona görə də bu cür kitablar çoxaldılmalı və mənfur qonşularımızın iç üzü dünya ictimaiyyətinə çatdırılmalıdır.

Müəllif vurğulayıb ki, Gürcüstan parlamenti də Xocalı faciəsini əsl soyqırımını kimi tanımalı, bu hadisələrə lazımi hüquqi-siyasi qiymət verilməli, cinayətkarlar ən ağır cəza almalıdırlar.

Tanınmış tarixçi alim Rostom Quntaişvili Xocalı soyqırımı ilə 1921-ci il fevralın 25-də Gürcüstan ərazisində törədilmiş qırğınları təhlil edib. O, hər iki faciənin eyni qüvvələr tərəfindən törədildiyini vurğulayıb. Bildirib ki, dünyada hökm sürən ikili standartlara son qoyulmalı, Xocalı faciəsini törədən, dövlətlərin beynəlxalq hüquq tərəfindən təsbit edilmiş sərhədlərini silah gücünə dəyişmək istəyən və bununla da Helsinki razılaşmasının məlum müddəalarını kobud şəkildə pozan Ermənistan hakimiyyəti, erməni siyasətçiləri və onların havadarları layiq olduqları cəzanı almalıdırlar. O, Xocalı faciəsinin səbəb və nəticələrini daha dərindən öyrənmək və günahkarların cəzalandırılmasına nail olmaq üçün BMT-nin xüsusi komissiyasının yaradılmasının vacibliyini vurğulayıb.

Sonra Batumidəki Azərbaycan İcmasının sədri Vidadi Axundov, “Adjara.PS” qəzetinin redaktoru Cemal Meqrelidze və başqaları çıxış edərək Xocalı faciəsi və erməni millətçilərinin Azərbaycan və gürcü xalqlarına qarşı törətdikləri ağır cinayətlər barədə danışıblar.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti