Naxçıvan Muxtar Respublikasına səfərə dair
02-03 mart 2016-cı il tarixlərində Azərbaycan Respublikasının Batumi şəhərindəki baş konsul Rəşad İsmayılov Naxçıvan Muxtar Respublikasına səfər etmişdir. Səfər çərçivəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbovla görüş keçirilmişdir. Görüşdə Naxçıvan Muxtar Respublikası və Acarıstan Muxtar Respublikası arasında ticarət-iqtisadi əlaqələrin daha da genişləndirilməsi, əhalinin gediş-gəlişinin sadələşdirilməsi üçün nəqliyyat əlaqələrinin yaranması, hər iki region üzrə turizm infrastrukturunun genişləndirilməsi istiqamətində səylərin artırılması məsələləri müzakirə olunmuşdur.
Səfər çərçivəsində həmçinin, baş konsul Rəşad İsmayılov, Naxçıvan şəhərində yaradılmış Heydər Əliyev muzeyindəki, ümummilli liderin həyat və fəaliyyətini özündə əks etdirən eksponatlarla yaxından tanış olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Acarıstan Muxtar Respublikası Hökuməti arasında 2012-ci ildə imzalanmış “Azərbaycan Respublikasının Naxçıvan və Gürcüstanın Batumi şəhərləri arasında Qardaşlıq və əməkdaşlığa dair Memorandum”dan sonra Naxçıvan Muxtar Respublikası və Acarıstan Muxtar Respublikası arasında əlaqələr hər iki tərəfin səyləri ilə ilbəil genişlənməkdədir.