Noyabrın 25-də Azərbaycanın Batumi şəhərindəki Baş konsulu Rəşad İsmayılov Şota Rustaveli Batumi Dövlət Universitetində “Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzi” auditoriyasında tələbələr qarşısında “Beynəlxaql münasibətlərdə Azərbaycan diplomatiyası” mövzusunda mühazirə oxudu.
Mühazirədə Baş konsul Rəşad İsmayılov Azərbaycanın sürətli inkişafı, apardığı stabil siyasətlə dünya ictimaiyyətinin diqqətində olduğunu, ölkəmizin iştirakı olmadan hər hansı regional layihənin həyata keçirilməsinin qeyri-mümkünlüyünü bildirmişdir. Azərbaycanın bütün dövlətlərlə bərabər prinsiplər əsasında müstəqil xarici siyasət yeritməsinə toxunan baş konsul, ölkəmizin iqtisadi və hərbi qüdrətinin yüksəldiyini, yaxın qonşularla sülh şəraitində yaşamaqda, dostluq münasibətləri yaratmaqda maraqlı olduğunu qeyd etmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən ətraflı bəhs edən baş konsul, Ermənistanın ölkəmizə qarşı ərazi iddiasında olduğunu, Azərbaycan ərazisinin 20 faizini işğal etdiyini, təcavüzkar dövlətin Birləşmiş Millətlər Təşkilatınnın Təhlükəsizlik Şurasının işğal olunmuş Azərbaycan ərazilərini danışıqsız və heç bir şərt qoymadan azad etməsi barədə dörd qətnaməsinə məhəl qoymadığını vurğulamışdır.
Rəşad İsmayılov tələbələrin Azərbaycanın xarici siyasəti, Avropanın enerji təminatında ölkəmizin rolu, Ermənistan-Azərbaycan, Dağıq Qarabağ münaqişəsi və digər məsələlərlə bağlı suallarına ətraflı cavab vermişdir.