news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 20 noyabr 2017

Gürcüstanlı gənclər Bakıdan böyük təəssüratla dönüblər

"Demokratik dəyərlərin gücləndirilməsi üçün çoxmillətli Gürcüstan” qeyri-hökumət təşkilatı bir neçə ildir ki, həm Gürcüstanda, həm də xaricdə mədəniyyət və təhsil sahəsində beynəlxalq və regional layihələr həyata keçirir. Oktyabr ayının 1-3-də bu təşkilat Azərbaycan Respublikasının Batumidəki Baş konsulluğunun dəstəyi ilə Bakıda yeni bir təhsil və bilik layihəsi həyata keçirib. Layihə iştirakçılarının üç günlük səfərləri çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində görüş keçirilib. Dövlət qurumunun konfrans zalında nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev qonaqların suallarını cavablandırıb. Görüşün əsas mövzusu iki dost ölkə arasında tərəfdaşlıq əlaqələrini gücləndirmək və gələcək planları müzakirə etmək olub. Bir saat davam edən görüşün sonunda tələbələr müxtəlif tanınmış şəxslərin fotoşəkilləri ilə yanaşı, Gürcüstanın keçmiş prezidentlərinin də fotoşəkillərinin nümayiş olunduğu nazirliyin sərgi salonu ilə tanış olublar.

Növbəti görüş ADA Universitetində davam etdirilib. Batumi gəncləri ilk dəfə ADA Universitetinin müasir kompleksi ilə tanış olublar. Universitetin bir qrup professor-müəllim heyəti ilə sual-cavab şəraitində maraqlı görüş keçirilib. Tələbələr kitabxana üçün ayırılmış xüsusi binaya baş çəkiblər və tədris prosesini izləyiblər.

Azərbaycana səfər çərçivəsində qonqalar Gürcüstanın Azərbaycandakı səfirliyinə də baş çəkiblər. Azərbaycan və Gürcüstan arasındakı tarixi keçmişin detallarından danışan səfir Teymuraz Şaraşenidze bu münasibətlərin qorunmasının vacibliyini vurğulayıb.

"Demokratik dəyərlərin gücləndirilməsi üçün çoxmillətli Gürcüstan” təşkilatının rəhbəri bu cür layihələrin gələcəkdə də davam etdiriləcəyini bildirib.

Batumiyə döndükdən sonra "Demokratik dəyərlərin gücləndirilməsi üçün çoxmillətli Gürcüstan” təşkilatının nümayəndə heyətini Azərbaycanın Batumidəki Baş konsulu Rəşad İsmayılov qəbul edib. Qonaqları salamlayan Baş konsul  xalqlarımız və dövlətlərimiz arasında səmimiyyət üzərində qurulmuş əlaqələrdən, siyasi, iqtisadi, təhsil və mədəni sahələrdə səmərəli əməkdaşlıqdan danışıb. Bu cür tədbir və görüşlərin iki ölkə arasında diplomatik, mədəni, o cümlədən təhsil sahəsində münasibətlərin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Baş konsul Rəşad İsmayılov iki ölkə gəncləri arasında belə layihələrin mütəmadi keçirilməsinin vacib olduğunu qeyd edərək, onun əhəmiyyətinə diqqət çəkib. O, qeyd edib ki, Azərbaycan və Gürcüstan dövlətləri və xalqları arasında qədim tarixə söykənən səmərəli dostluq və qardaşlıq münasibətləri mövcuddur və bu münasibətlərin daha da inkişaf etdirilməsində gənclərin üzərinə böyük vəzifə düşür.

"Demokratik dəyərlərin gücləndirilməsi üçün çoxmillətli Gürcüstan” təşkilatının təmsilçiləri Bakıda belə bir layihənin baş tutmasında göstərdiyi dəstəyə görə Baş konsula minnətdarlıqlarını çatdırıblar. Onlar Azərbaycana səfərdən böyük təəssüratla döndüklərini qeyd edərək, hər zaman rastlaşdıqları isti münasibətin Azərbaycanla Gürcüstan arasında tarixi dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsiplərindən qaynaqlandığını bildiriblər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti