Qanunvericiliklə müəyyən olunmuş məsuliyyət və məhdudiyyətlər
Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən aşağıdakı hallarda əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlməsinə qadağa qoyula bilər:
1) milli təhlükəsizliyin, yaxud ictimai asayişin mühafizəsi mənafeyi tələb edirsə;
2) bu, Azərbaycan Respublikası vətəndaşlarının və digər şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması üçün zəruridirsə;
3) şəxs Azərbaycan Respublikasına əvvəlki gəlişi zamanı Azərbaycan Respublikası qanunlarının tələblərini pozmuşsa;
4) Azərbaycan Respublikasına kəlməsi haqqında vəsatət qaldırarkən şəxs özü haqqında yalan məlumat vermişsə;
5) ruhi və ya yoluxucu xəstəliklərə tutulmuş şəxsin Azərbaycan Respublikasına gəlməsi əhalinin sağlamlığı üçün təhlükə törədirsə (belə təhlükə törətməyən və öz hesablarına, ya da qanuni qəyyumlarının və ya nümayəndələrinin maddi himayəsi ilə müalicəyə gələn şəxslər istisna təşkil edir);
6) şəxs əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmışsa;
7) şəxsin Azərbaycan Respublikasına daxil olması arzuolunmaz hesab edilmişsə.
Bu zaman şəxsə viza verilməsindən imtina edilir. Bu imtina qərarı və onu doğuran səbəblər barədə viza verilməsi üçün müraciət etmiş şəxsə yazılı şəkildə bildirilir.
Viza verilməsi haqqında müraciət - ərizəyə baxılmasında süründürməçiliyə yol verilərsə və ya ərizəyə baxmaqdan imtina edilərsə, əcnəbilər bu barədə inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər.
Diqqət! Viza verilməsindən imtina edildikdə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən əvvəlcədən ödənilmiş dövlət rüsumu geri qaytarılmır!
“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq pasportsuz, vizasız və ya etibarlı olmayan pasport və digər sənədlərlə Azərbaycan Respublikasının sərhədini keçən əcnəbilər geri qaytarılırlar.
Eyni zamanda, ölkədən getməyin və ölkəyə gəlməyin qanunla müəyyənləşdirilmiş qaydaları pozulduqda təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı qaydada məsuliyyətə cəlb edilə bilərlər:
• Azərbaycan Respublikasında olma, yaxud Azərbaycan Respublikası ərazisindən tranzitlə keçməsi qaydalarının pozulmasına görə -
əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir;
• Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün sənədlərin itirilməsi və ya qəsdən korlanmasına görə - on beş manatdan iyirmi beş manatadək miqdarda cərimə edilir.
Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasından getməsi aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər:
1) onların getməsi milli təhlükəsizliyin təmin edilməsi mənafeyinə zidd olarsa - bu əsas aradan qalxanadək;
2) onlar cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində tanınmışdırlarsa - barələrində cinayət təqibi üzrə icraat başa çatanadək;
3) onlar cinayət törətdiyinə görə məhkum olunublarsa — cəza çəkməkdən azad olunana, yaxud cəzanı tam çəkənədək;
4) məhkəmədə onlara qarşı mülki iddia verilibsə — müvafiq olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülki iş üzrə qərar qüvvəyə minənədək.