Baş Konsulun müraciəti
Hörmətli saytın qonaqları,
Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulluğunun saytına xoş gəlmisiniz.
Azərbaycan Respublikasının Batumidəki Baş Konsulluğu 11 oktyabr 2010-cu ildə açılıb. Baş Konsulluğun dairəsinə Acarıstan Muxtar Respublikası, o cümlədən Quriya, Sameqrelo-Zemo Svanetiya, İmereti, Raça-Leçxumi və Kvemo Svaneti daxildir.Ümidvaram ki, bu səhifə Azərbaycan, Azərbaycan-Gürcüstan əlaqələri və Baş Konsulluğumuzun fəaliyyəti haqqında lazımi məlumatları əldə etmək Sizlər üçün faydalı olacaq.Azərbaycan Respublikası Cənubi Qafqazın şərqində, Xəzər dənizinin qərb sahilində yerləşən, təkrarsız təbiətə, çoxəsrlik mədəniyyətə, qədim tarixə, müxtəlif mədəniyyətlər və sivilizasiyaları özündə birləşdirən adət və ənənələrə malik olan bir dövlətdir. Azərbaycan 1918-ci ildə yaradılmış Şərqin ilk demokratik respublikası olub, lakin təəssüf ki onun ömrü qısa olub və 1920-ci ildə başa çatıb. Azərbaycan öz müstəqilliyini 1991-ci ildə yenidən bərpa edib.
"Azərbaycan" deyəndə göz önünə həm də onun əsas sərvəti olan neft gəlir. Neft təkcə sərvət yox, həm də şöhrətdir. Uzaq zamanlarda bu diyara yer altından çıxıb gölməçələrdə qərar tutan xüsusi qoxusu, rəngi olan mayenin ardınca uzaq-uzaq ölkələrdən gəlirdilər. Min illər boyu tuluqlara doldurulmuş nefti Şərqə,Qərbə dəvə karvanları ilə aparırdılar. Azərbaycandan aparılan neftdən təkcə yandırmaq üçün yox, həm də bir çox xəstəliklərdə qiymətli dərman kimi istifadə edirdilər. Əsrlər bir-birini əvəz etdikcə yaxın-uzaq ölkələrdə neftə olan tələbat durmadan artırdı və bu gün də Azərbaycan region və Avropa ölkələrinin əsas neft təchizatçılarındandır.
Bu gün Azərbaycanda nəhəng enerji layihələri həyata keçirilir və bu layihələrin həyata kecirilməsində Gürcustan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır.
Gürcüstan və Azərbaycan iki müstəqil dövlətdir və beynəlxalq təsisatlarda hər zaman bir-birinə dəstək verir. Gürcüstan və Azərbaycan arasında cox güclü siyasi münasibətlər mövcuddur. Hər iki ölkə BMT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar daxilində birgə işləyir və hər zaman bir-birinə dəstək verir.
Ölkələrimizin ərazi bütövlüyü məsələsində biz hər zaman bir-birimizi dəstəkləyirik.
Əminəm ki, Azərbaycan və Gürcüstan arasında dostluq, qardaşlıq və əməkdaşlığa əsaslanan siyasi, qtisadi və mədəni əlaqələr xalqlarımızın maraqları naminə daha da inkişaf edəcək
Hörmətlə,
Pərviz İsmayılzadə ,
Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulu