9 Aprel – həm anım, həm də birlik günü
9 Aprel – həm anım, həm də birlik günü
9 aprel tarixi Gürcüstanda böyük ehtiramla yad olunur. Bu gün Gürcüstan tarixində Milli Birlik Günü kimi tanınır və ölkənin müstəqillik uğrunda mübarizəsində həyatını itirənlərin xatirəsinə həsr olunur. Bununla əlaqədar hər il olduğu kimi, Batumi şəhərində də anım tədbirləri keçirilmişdir. Azərbaycan Respublikasının Batumidəki baş konsulu Fuad Əzizov və Baş Konsulluğun əməkdaşlarının iştirakı ilə Batumi şəhərindəki Ədliyyə Evinin binası qarşısında 9 aprel qurbanlarının abidəsi önünə əklil qoyulmuş, faciə qurbanlarının xatirəsi ehtiramla yad edilmişdir.
Qeyd edək ki, bu günün əsasında duran hadisə isə 1989-cu ilin 9 aprelində Tbilisi şəhərində baş vermiş faciədir. 9 aprel 1989-cu il Tbilisi hadisələri zamanı sovet qoşunlarının dinc nümayişçilərə müdaxiləsi nəticəsində 21 nəfər həlak olmuş, 100-dən çox insan yaralanmışdır. Etirazlar əvvəlcə Abxaziya ilə bağlı siyasi gərginlik fonunda başlasa da, sonradan Gürcüstanın müstəqilliyi uğrunda ümumxalq hərəkatına çevrilmişdir.
Bu faciə Gürcüstanın tarixində dönüş nöqtəsi olmuş və ölkənin müstəqilliyə gedən yolunda mühüm rol oynamışdır.