Azərbaycanda fəaliyyət göstərən Asan və Dost xidmətlərinə dünyada artan maraq
Prezident İlham Əliyevin 2022-ci il 4 aprel tarixli 3199 saylı Sərəncamı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib. Sənəddə də qeyd olunduğu kimi, korrupsiya tarix boyu cəmiyyətlərin üzləşdiyi problemlərdən olmuşdur və bu gün də bütün dünya ölkələrində aktual məsələlərdən biri olaraq qalmaqdadır. Azərbaycanın əsas hədəflərindən biri ölkədə dövlət idarəçiliyində şəffaflığı və əlçatanlığı artırmaqla vətəndaş məmnunluğunun getdikcə daha da yüksəldilməsinə nail olmaqdır. Bu baxımdan respublika müxtəlif xidmətləri vətəndaşlara eyni məkanda təqdim edən “ASAN xidmət” və “DOST” mərkəzləri yaxşı nümunədir. Hər iki qurum qısa zaman kəsiyində böyük populyarlıq və rəğbət qazanıb. Bu xidmət mərkəzlərinin yaradılmasında başlıca məqsəd artıq xərclərin və vaxt itkisinin qarşısını almaq, xidmətlərin göstərilməsində şəffaflığı təmin etmək, korrupsiya faktlarını aradan qaldırmaq, müasir texnologiyaların tətbiqi, elektron sistemə keçid prosesinin sürətləndirilməsidir. Diqqətəlayiq haldır ki, insanların həm “ASAN xidmət”, həm də “DOST” mərkəzlərinə böyük inam bəsləmələri nəzərə alınmaqla hər iki qurumun daha da təkmilləşdirilməsi və onların fəaliyyət sferalarının genişləndirilməsi bir növ davamlı prosesə çevrilib. Hazırda Azərbaycanda 25 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. “ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 360-dan çox, “ASAN Kommunal” mərkəzlərində isə “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən 55 növ xidmət göstərilir. Eyni zamanda, regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara xidmətlərin göstərilməsi davam etdirilir. Çox doğru olaraq “ASAN xidmət” mərkəzləri Azərbaycanın intellektual brendi kimi dəyərləndirilir.
Burada vətəndaşlara müxtəlif xidmətlər innovativ texnologiyalardan geniş istifadə edilməklə göstərilir. Nəticədə, şəffaflıq tam təmin olunur və vətəndaş-məmur təmasları aradan qalxır.
Azərbaycanın “ASAN xidmət” modelinə beynəlxalq miqyasda maraq getdikcə artır.
İndiyədək böyük vətəndaş məmnunluğu yaradan bu struktur bir çox beynəlxalq əməkdaşlar və ekspertlər tərəfindən təqdirəlayiq hesab olunub. Artıq ayrı-ayrı ölkələr də bu modelin tətbiqinə başlanıb. Azərbaycanın “ASAN xidmət” modeli əsasında Əfqanıstanda dövlət xidmətlərinin göstərilməsi sahəsində eyniadlı qurum təsis edilib. Bundan başqa, İtaliya, Koreya Respublikası, Fransa, İndoneziya, Monteneqro və ISESCO təşkilatı ilə əməkdaşlığa dair Anlaşma memorandumları imzalanıb. 2014-cü ildə “ASAN xidmət” İSO 9001:2008 və OHSAS 18001:2007 standartları üzrə beynəlxalq dərəcəli sertifikatlara layiq görülüb. “ASAN xidmət”, həmçinin Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən beynəlxalq müsabiqənin qalibi olub. “ASAN xidmət” 2015-ci ildə BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında 1-ci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif olunub. Bundan başqa, ISESCO-nun 2019-2021-ci illər üzrə üçillik fəaliyyət planında üzv ölkələrdə sektoral idarəçilik mexanizminin inkişaf etdirilməsi məqsədilə dövlət idarəçiliyi sahəsində Azərbaycanın “ASAN xidmət” modelindən faydalanmaq tövsiyə olunub. 2023-cü il aprelin 3-də Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 52-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə “Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Davamlı İnkişaf Məqsədlərinin təşviqi” adlı qətnamə yekdilliklə qəbul edilib. Qətnaməyə 65 dövlət, o cümlədən ABŞ, Çin, Yaponiya, Avropa İttifaqı üzv dövlətləri, Avstraliya, Kanada, eləcə də Afrika, Asiya və Amerika qitələrini təmsil edən ölkələr həmmüəllif qismində qoşulub.
Perspektivdə Azərbaycanın intellektual brendinin dünyada əhatə edəcəyi coğrafiyaların daha da genişlənəcəyi gözlənilir. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi öz fəaliyyəti çərçivəsində 16 ölkə və 2 beynəlxalq təşkilatla müqavilə imzalayıb. Həmçinin bir neçə dövlətdən “ASAN xidmət” təcrübəsinin öz ölkələrində tətbiqi ilə əlaqədar müraciətlər edilib. Hazırda danışıqlar davam etdirilir.
Əlamətdar haldır ki, “ASAN xidmət” modelində yeni strukturlar da formalaşdırılır. Yaradılan oxşar xidmət platformalarından biri də “DOST” (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzləridir. İndiyədək qurumun 7 DOST mərkəzi açılıb. Yaxın illərdə Azərbaycanda DOST mərkəzlərinin sayının 17-yə çatdırılması nəzərdə tutulub. DOST mərkəzlərinin əhaliyə müxtəlif sosial xidmətlər göstərən dövlət təsisatları ilə vətəndaşlar arasında bütün baryerlərin aradan qaldırılmasına, onlara qurumun adında da ifadə edildiyi kimi dostcasına xidmət göstərilməsinə, rəqəmsallaşma yolu ilə şəffaflığın artırılmasına hesablanıb. Xoş mərama əsaslanan fəaliyyət həyata keçirən DOST mərkəzlərində göstərilən xidmətlərin əhatə dairəsi getdikcə genişlənir. Hazırda bu mərkəzlərdə əmək və məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik və reabilitasiya, pensiya, sosial sığorta və s. üzrə 154 növ xidmətin “bir pəncərə”dən operativ, şəffaf və nəzakətli, vətəndaş rahatlığı prinsipi əsasında göstərilməsi təmin edilir. DOST mərkəzlərinə müraciət edən vətəndaşlara müvafiq xidmətlərin göstərilməsinin orta müddəti müddəti cəmi 2 dəqiqə 57 saniyəyə bərabərdir. Məhz belə çevik və nəzakətli xidmətə görədir ki, vətəndaşlar bu sosial xidmət qurumlarına məmnuniyyətlə üz tuturlar. Verilən məlumatlara görə, 7 DOST mərkəzində göstərilən xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 98 faizin üzərindədir.