Kutaisidə “Kutaisoba” bayramı qeyd olunub
Kutaisidə “Kutaisoba” bayramı qeyd olunub
2 may 2026-cı il tarixində Kutaisi şəhərində ənənəvi Kutaisoba bayramı qeyd olunub. Hər il keçirilən bu tədbir şəhərin tarixi, mədəni irsi və ictimai həyatının təbliğinə xidmət edir. Bayram çərçivəsində konsert proqramları, sərgilər və xalq sənəti nümunələrinin nümayişi təşkil olunub və yerli sakinlər, rəsmi qonaqlar , turistlər iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Batumidəki baş konsulu Fuad Əzizov iştirak edib. Baş konsul yerli rəsmi şəxslərlə və mədəniyyət nümayəndələri ilə görüşərək qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Tədbir çərçivəsində Kutaisi Dövlət Tarix Muzeyinin direktoru Nona Kartsidze ilə Azərbaycan Respublikasının bir sıra muzeyləri arasında əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılmışdır. Müzakirələrdə birgə layihələrin həyata keçirilməsi, sərgilərin təşkili və mədəni irs sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri nəzərdən keçirilmişdir.
Qeyd olunub ki, hər il keçirilən bu cür mədəni tədbirlər Azərbaycan və Gürcüstan arasında humanitar və mədəni əlaqələrin inkişafına mühüm töhfə verir.