09.03.2026-cı il tarixində Müqəddəs Ramazan ayı münasibətilə Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulluğu tərəfindən iftar süfrəsi təşkil edilmişdir.
09.03.2026-cı il tarixində Müqəddəs Ramazan ayı münasibətilə Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulluğu tərəfindən Batumi şəhərində fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri və yerli dini icmaların təmsilçilərinin iştirakı ilə iftar süfrəsi təşkil edilmişdir.
Tədbir Batumi şəhərində yerləşən “Grand Gloria Hotel” də keçirilmiş və səmimi, qarşılıqlı hörmət və əməkdaşlıq ruhunda baş tutmuşdur. İftar mərasimində Türkiyə, Qazaxıstan və Gürcüstan nümayəndələri, Türkiyənin Batumi şəhərindəki baş konsulu v.i.e Banu Tərzioğlu, Batumi şəhərində akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, Gürcüstan Müsəlmanları İdarəsinin Qərbi Gürcüstan müftisi Hacı Adam Şantadze, yerli dini icma rəhbərləri, eləcə də Azərbaycan diasporunun fəal üzvləri iştirak etmişlər.
Tədbirin açılışını Azərbaycan Respublikasının Batumi şəhərindəki baş konsulu Fuad Əzizov etmişdir. Baş konsul çıxışında Müqəddəs Ramazan ayının İslam dünyasında xüsusi mənəvi əhəmiyyətə malik olduğunu, bu ayın insanları mərhəmətə, paylaşmağa, qarşılıqlı hörmətə və həmrəyliyə səslədiyini vurğulamışdır.
İftar mərasimi iştirakçılar arasında səmimi fikir mübadiləsi və qeyri-rəsmi ünsiyyət şəraitində davam etmiş, tədbir dostluq və qarşılıqlı anlaşma mühitində başa çatmışdır.