news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 17 dekabr 2018

Hörmətli xanımlar və cənablar!

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Sizləri ürəkdən salamlayır, hər birinizə ən xoş arzularımı çatdırıram. Milli-mənəvi birliyimizin rəmzinə çevrilmiş bu bayram həm Azərbaycanda, həm də xaricdə yaşayan soydaşlarımızın qəlbindəki Vətən sevgisini, milli təəssübkeşlik duyğularını təcəssüm etdirir.

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qanun qəbul edib. Məhz Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə təşkil olunan Dünya Azərbaycanlılarının Qurultayı milli həmrəyliyimizin nümayişinin bariz nümunələrindən biridir.

Bu gün Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Cənubi Qafqaz regionunda lider dövlətə və bütün dünya azərbaycanlılarının qürur yerinə çevrilib.

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın bir çox ölkəsində soydaşlarımız tərəfindən qeyd olunur.

Azərbaycan və Gürcüstan – yaxın qonşu, dost, tərəfdaş ölkələrdir. Xalqlarımız əsrlər boyu dostluq və qardaşlıq şəraitində yaşamış, həm sevincli, həm də kədərli anlarında bir-birinə həmişə dəstək olmuşlar. Bu, tarixin sınağından çıxmış bir dostluqdur.

Fürsətdən istifadə edib, bütün azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ürəkdən təbrik edirəm. Hər bir Azərbaycan və gürcü ailəsinə səadət, açıq səma və xoşbəxtlik arzulayıram.

Bayramınız mübarək olsun!

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti