Yüksəkixtisaslı Miqrant Proqramı
Yüksəkixtisaslı Miqrant Proqramı - yüksəkixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi imkanlarının genişləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 6 iyun tarixli Sərəncamı əsasında yaradılıb. Proqram yüksəkixtisaslı miqrantlara və onların ailə üzvlərinə Azərbaycana gəlmək, ölkədə yaşamaq və əmək fəaliyyəti ilə məşğul olmaq üçün geniş imkanlar yaradır.
Proqram iştirakçılarının müraciətlərinin qəbulunu və cavablandırılmasını “bir pəncərə” prinsipi əsasında təmin edilməsi məqsədilə pass.gov.az Yüksəkixtisaslı miqrant Portalı yaradılmışdır. Proqramda iştirak etmək istəyən əcnəbilər bu portal vasitəsilə qeydiyyatdan keçə, təhsil, iş təcrübəsi və digər məlumatlarını təqdim etməklə elektron formada müraciət edə bilərlər.
Portal, həmçinin Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektləri (işəgötürənlər) üçün də bir sıra imkanlar yaradır. İşəgötürənlər portalda qeydiyyatdan keçməklə ehtiyac duyulan sahələr üzrə əcnəbi mütəxəssislərin mövcudluğu barədə sorğu edə bilərlər. Sorğuda qeyd olunan meyarlara uyğun olan və fərdi məlumatlarının işəgötürənlərlə paylaşılmasına razılıq verən əcnəbi mütəxəssislər barədə məlumatlar işəgötürənlərə təqdim edilir.
Bundan başqa, portal istifadəçiləri proqramın şərtləri və tələbləri, proqram iştirakçılarını qiymətləndirmə meyarları, Azərbaycan və digər faydalı mövzular haqqında məlumatlarla təmin olunur.
Əcnəbi və vətəndaşlığı olmayan şəxslər
Müvafiq sahə (və ya sahələr) üzrə yüksəkixtisaslı mütəxəssis olduğunu iddia edən əcnəbi və vətəndaşlığı olmayan şəxslər proqramın qalibi olmaq üçün müraciət edə bilərlər.
Müraciət edən şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi zamanı, ölkənin sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətləri nəzərə alınmaqla, onun yüksəkixtisaslı mütəxəssis olmasını iddia etdiyi sahə üzrə bilik və bacarıqları, təcrübəsi, xarici dil bilikləri və maliyyə təminatı, qeyd edilənlərin daxili əmək bazarına müsbət töhfəsi dəyərləndirilir
Yüksəkixtisaslı Miqrant Proqramının qalibi olmaq istəyən əcnəbi və vətəndaşlığı olmayan şəxsin yüksəkixtisaslı miqrant hesab olunması aşağıdakı meyarlar və bu meyarlara müvafiq ballar üzrə qiymətləndirilir:
|
Meyarlar |
Qiymətləndirilir (bal ilə) |
|
1. Mütəxəssis olduğu sahədə təcrübəsi |
0 – 35 |
|
2. Ölkənin sosial-iqtisadi inkişaf istiqamətləri ilə uyğunluğu |
0 – 20 |
|
3. Təhsili |
0 – 15 |
|
4. Maliyyə təminatı |
0 – 15 |
|
5. Daxili əmək bazarına müsbət təsiri |
0 – 10 |
|
6. Xarici dil bilikləri |
0 – 5 |
Əcnəbi və vətəndaşlığı olmayan şəxsin yüksəkixtisaslı miqrant hesab olunması üçün keçid balı 70 (yetmiş) bal müəyyən edilmişdir